TDT ölkələrinin Ankaradakı səfirlikləri ilə iş adamları arasında görüş keçirilib

TDT ölkələrinin Ankaradakı səfirlikləri ilə iş adamları arasında görüş keçirilib ​​​​​​​Bu gün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Ankarada fəaliyyət göstərən səfirlik rəsmiləri, diplomatik nümayəndələri, ticarət və hərbi attaşeləri türk dünyasından olan şirkət sahibləri ilə  “Diplomatik Missiya Görüşləri” keçirib.
Region
23 May , 2024 18:31
TDT ölkələrinin Ankaradakı səfirlikləri ilə iş adamları arasında görüş keçirilib

Bu gün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Ankarada fəaliyyət göstərən səfirlik rəsmiləri, diplomatik nümayəndələri, ticarət və hərbi attaşeləri türk dünyasından olan şirkət sahibləri ilə “Diplomatik Missiya Görüşləri” keçirib.

“Report”un Ankara bürosunun xəbərinə görə, tədbir Ortadoğu Sənaye və Ticarət Mərkəzinin (OSTİM) Mütəşəkkil Sənaye Zonasının (ÖSB) ev sahibliyi ilə baş tutub.

Görüşün moderatoru OSTİM ÖSB-nin Xarici Əlaqələr üzrə Koordinatoru Esma Akyüz bildirib ki, qurum indiyədək dünyanın 20 ölkəsinin müvafiq qurumları ilə əməkdaşlıq edir: “Bu əməkdaşlıqda TDT-yə üzv ölkələr öncüllük təşkil edir. Hədəfimiz Turan markalı məhsulların dünyaya ixrac edilməsidir.

OSTİM ÖSB-nin İdarə Heyətinin sədri Orhan Aydın deyib ki, hazırda TDT-nin iqtisadi inkişafı üçün ortaq ticarət əlaqələrinin qurulması ən vacib məsələdir: “Türk dünyasının inkişafı, birgə fəaliyyəti, qüdrətlənməsi üçün ticarəti ortaq dilimiz hesab edirəm. Eyni soydan olmamız, qardaşlığımız, dostluğumuz iqtisadi gücümüzün artmasında, birgə ticarətimizdə də əsas rol oynaya bilər”.

O. Aydın OSTİM-in hazırda Özbəkistanda sənaye müəssisəsinin yaradıldığını vurğulayaraq bu modelin digər TDT ölkələrində də qurulmasının arzu olunduğunu bildirib.

TDT-nin Baş katibinin müavini Ömər Kocaman təşkilatın ümumi ticarət dövriyyəsi ilə bağlı rəqəmlər açıqlayıb: “Dünya iqtisadiyyatında TDT-nin önəmi yüksəlir. Təşkilatımızın bu gün dünyaya toplamda 620 milyard ABŞ dolları ixracı var. İqtisadi böyüklüyü 2 trilyon ABŞ dollarına yaxınlaşıb. Dünya ticarətində milli gəlirdəki yeri 2010-cu ildə 2 % təşkil edirdisə, hazırda bu rəqəm 3,1 %-dir. İxracımızın böyük əksəriyyəti enerji və əşyalar əsaslıdır ki, bunun 60 %-i Avropa, 28 %-i isə Asiya dövlətlərinə ixrac olunur”.

Ö.Kocaman türkdilli dövlətlərin investisiya imkanlarnın müzakirə olunması ilə bağlı keçirilən proqramı tədqdir edib: “Təbii ki, sərbəst ticarət sahəsində potensialımızdan kifayət qədər istifadə etmirik. İnanıram ki, bugünkü formatda keçirilən tədbirlərin sayı çoxaldıqca TDT daxilində ticarətin gücünün artırılmasında mühüm addımlar atılacaq”.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Attar TDT iqtisadi əməkdaşlığı üçün keçirilən bu tədbirin əhəmiyyətindən danışıb: “Əslində dünyada siyasi birliklər öncə iqtisadi birliklərin gücündən formalaşıb. Məsələn, Avropa İttifaqı əvvəlcə 1957-ci ildən başlayaraq Dəmir-Polad İqtisadi əməkdaşlığını qurdu və bunun əsasında güclü bir siyasi təşkilat olaraq formalaşdı. O səbəbdən də iqtisadi əməkdaşlığımızı daha da gec olmadan çox sürətlə inkişaf etdirməliyik. Dünyaya baxdığımızda bir iqtisadi böhran yaşanır. Əminəm ki, TDT-nin iqtisadi qüdrəti artdıqca dünyaya çox böyük töhfələr bəxş edəcək”.

OSTİM Universitetinin rektoru professor Murat Yülek bildirib ki, bu təşəbbüslər yalnız TDT ilə bağlı deyil, bütün türk dünyasını əhatə etməlidir: “Rusiya əhalisinin çox böyük əksəriyyəti türk mənşəlidir. “Hər bir rusda türk qanı var” deyimi də boşuna yaranmayıb. Bir çox tarixi, elmi mənbələrə əsaslansaq, Rusiyanın 90 %-nin türk əsilli olduğunu görərik”.

Qeyd edək ki, “Diplomatik Missiya Görüşləri”ndə TDT-yə üzv və müşahidəçi qismində iştirak edən təmsilçilərin ayrı-ayrılıqda ölkələrinin investisiya imkanlarına dair çıxışları dinlənilib. Azərbaycanı Türkiyədəki səfriliyimizin İqtisadi məsələlər üzrə ikinci katibi Suliddin Məmmədov, Azərbaycanın İstanbuldakı Ticarət Nümayəndəliyinin baş məsləhətçisi Cavid Abdullayev təmsil edib. C.Abdullayevin Azərbaycana investisiya qoyuluşu ilə bağlı, xüsusuilə işğaldan azad olunmuş ərazilərlə əlaqədar çıxışı iş adamları tərəfindən maraqla qarşılanıb.

Bundan başqa proqram çərçivəsində TDT-dən olan hər bir dövlət üçün qurulan masalarda səfirlik rəsmiləri, ticarət nümayəndələri və hərbi attaşelər şirkət sahibləri bir araya gətirilib, onların təkbətək görüşləri təşkil olunub.

Son xəbərlər

Orphus sistemi