Tbilisidə Zəfər Gününə həsr olunmuş "Koordinat 44" tamaşasının premyerası keçirilib

Region
  • 06 noyabr, 2026
  • 20:04
Tbilisidə Zəfər Gününə həsr olunmuş Koordinat 44 tamaşasının premyerası keçirilib

Tbilisidə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Koordinat 44" tamaşasının premyerası keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, tamaşa Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə "Era Teatrı" tərəfindən hazırlanıb.

Səhnə əsərində Gürcüstanda yaşayan gənc soydaşlar 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun işğal altında olan torpaqların, o cümlədən Şuşanın azad edilməsi uğrunda keçdiyi çətin və şərəfli yolu canlandırıblar. Müharibənin gərginliyi, hərbçilərin yaşadığı psixoloji sarsıntılar və Zəfərə aparan yol aktyor oyunu və səhnə quruluşu vasitəsilə tamaşaçılara təqdim olunub.

Tamaşanın müəllifi və quruluşçu rejissoru, "Era Teatrı"nın bədii rəhbəri Anar Rafiqoğlu "Report"un yerli bürosuna bildirib ki, layihənin təşəbbüsü Azərbaycanın Gürcüstandakı Səfirliyi tərəfindən irəli sürülüb.

Onun sözlərinə görə, "Koordinat 44" teatrın sayca onuncu tamaşası, Zəfər və Anım günlərinə həsr olunan üçüncü səhnə əsəridir.

A.Rafiqoğlu tamaşanın əsas məqsədinin tamaşaçılarda milli ruh, qürur və Vətən sevgisi hisslərini gücləndirmək olduğunu vurğulayıb.

Tamaşada Altay obrazını canlandıran aktyor Elnur Vəlizadə isə rol üzərində işləyərkən müharibənin psixoloji gərginliyini dərindən hiss etdiyini söyləyib. O bildirib ki, obrazın yaşantıları, xüsusilə final monoloqu onun üçün emosional baxımdan ağır olub.

E.Vəlizadənin sözlərinə görə, tamaşa vasitəsilə torpaqlarımız uğrunda canından keçən şəhidlərin və sağlamlığını itirən qazilərin fədakarlığını səhnə dili ilə tamaşaçılara çatdırmağa çalışırlar.

Tamaşanın premyerasını şəhid ailələrinin üzvləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, Gürcüstan Parlamentinin üzvləri, Gürcüstanda yaşayan soydaşlar və ictimaiyyət nümayəndələri, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan, Türkiyə və Qazaxıstanın hərbi attaşeləri, Azərbaycanın Vətən müharibəsi iştirakçıları izləyib.

Qeyd edək ki, premyera noyabrın 6-da Tbilisidə Vaxtanq Salaridze adına Konsert Zalında keçirilib.