"O vaxt Azərbaycan və Gürcüstan prezidentləri arasında sözlü anlaşma var idi, çünki onların sözü istənilən sənəddən daha vacib idi. Bizim liderlərimizin ən böyük uğurları ondan ibarət idi ki, sülh üçün bir Qafqaz yaratdılar. Gürcü jurnalistlərin gözü ilə görünən Heydər Əliyev belə idi".
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın Dini Məsələləri üzrə Dövlət Agentliyinin rəsmisi, Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadzenin mətbuat katibi olmuş Nato Oniani "Heydər Əliyev 100: Cənubi Qafqazda dinlərarası sülhün və əməkdaşlığın təmin edilməsi” panel müzakirələri zamanı səsləndirib.
"Ən çətin zamanlarda Gürcüstanda yaşayan azərbaycanlılar bizimlə birlikdə idilər. Səfərlərdə biz bunu daha çox hiss edirdik. Heydər Əliyev də hər zaman gürcü jurnalistləri salamlayaraq suallarımızı cavablandırıb və bizə çox diqqət yetirib. Xalqlarımız arasında kifayət qədər sıx əlaqələr var idi. Bakıda istənilən qapını açıb bizə qarşı istəyi və sevgini görə bilərdiniz. O dövrdə Bakıda bir qapını döydüm və mənə "bizim qız" deyə müraciət etmələri bu sevgini hiss etməyimə səbəb oldu", - N.Oniani bildirib.
O, həmin dövrdə baş verən bütün siyasi hadisələrin iştirakçısı olduğunu qeyd edib: "Yeni dünya nizamı yaranırdı. Yeni inşa edilmiş gəmilərdə idik və böyük tufanlar qarşısındaydıq. Edurard Şevardnadze və Heydər Əliyevin iştirakı ilə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft kəməri çox əhəmiyyətli hadisə idi. Azərbaycan nefti Gürcüstan vasitəsilə Türkiyəyə çıxırdı. Bu, əslində, böyük geosiyasi bir layihə idi. Limanlar inkişaf etdi. Bir sözlə, iqtisadi layihələr ölkələrimizin iqtisadi azadlığına xidmət edirdi. İti ağıllı və uzaqgörən bu şəxsiyyətlər ölkələrin çətin vəziyyətdən çıxmasına səbəb oldular", - deyə N.Oniani vurğulayıb.