Şalva Papuaşvili: Bəzi xarici diplomatlar Gürcüstanın daxili siyasətinə müdaxilə edir

Region
  • 13 mart, 2025
  • 16:18
Şalva Papuaşvili: Bəzi xarici diplomatlar Gürcüstanın daxili siyasətinə müdaxilə edir
Şalva Papuaşvili

Bəzi xarici diplomatlar ölkənin daxili siyasətinə müdaxilə edir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili bəyan edib.

O vurğulayıb ki, Gürcüstana nəzarətçi və ya general-qubernator qismində heç kim gəlməyib və diplomatlar Vyana Konvensiyasına uyğun olaraq siyasi proseslərə qarışmamalıdır.

Ş.Papuaşvili qeyd edib ki, Avropa İttifaqının Gürcüstandakı səfiri və bəzi avropalı siyasətçilər seçki proseslərinə müdaxilə edərək müxalifəti açıq şəkildə dəstəkləyiblər. Onun sözlərinə görə, QHT-lər vasitəsilə müxalifətin seçki kampaniyalarının maliyyələşdirilməsi də bu müdaxilənin tərkib hissəsidir.

O, Avropa Komissiyasının Gürcüstandakı siyasi qeyri-sabitliyi iqtisadi inkişafa mane olan amil kimi qiymətləndirdiyini, lakin eyni zamanda Brüsselin Gürcüstandakı radikal qrupları dəstəklədiyini bildirib.

Səfirlərin Gürcüstandan çıxarılmasının gündəmdə olmadığını qeyd edən Papuaşvili, diplomatları siyasi proseslərə qarışmamağa və öz ölkələrini Gürcüstanda düzgün təmsil etməyə çağırıb.