ABŞ-nin Gürcüstana qarşı sanksiyalar tətbiq etmək qərarı başadüşülməz və mənasızdır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə bildirib.
O qeyd edib ki, seçkilərdə məğlub olmuş və getməkdə olan indiki ABŞ administrasiyası amerika xalqı adından Gürcüstan kimi vacib bir tərəfdaşla münasibətləri pozur.
Parlament sədri, həmçinin bildirib ki, xarici siyasətçilərin Gürcüstana səfərinin məqsədi ölkədəki vəziyyəti yenidən qızışdırmaq və itirilmiş gündəmi bərpa etməkdir.
Onun sözlərinə görə, regional müharibələr və böhranlar fonunda hökumətin əsas məqsədi milli maraqları qorumaq, sülhü saxlamaq və iqtisadiyyatı gücləndirməkdir.
Spiker əlavə edib ki, Gürcüstan xalqının seçimi tamamilə doğru olduğu üçün hər kəs bu seçimi qəbul etməli və başa düşməlidir.
Papuaşvili, həmçinin, 90-cı illərdəki təcrid olunmuş vəziyyətin ölkəyə baha başa gəldiyini vurğulayıb və bu səbəbdən hökumətin öz yolundan dönməyəcəyini bildirib. O, xarici siyasətçilərlə görüşməmələrinin səbəbini hökumətin xalqın dəstəyinə arxalanması ilə izah edib.
Qeyd edək ki, dünən Avropa Parlamentinin deputatları Gürcüstana səfər edərək müxalifət liderləri, prezident Salome Zurabişvili, xalq müdafiəçisi Levan İoselyan və digər şəxslərlə görüşlər keçiriblər.