Rusiya və İran arasında birgə nəqliyyat layihələrinin həyata keçirilmə müddəti Rusiya nümayəndə heyəti və İran rəhbərliyi arasında Tehranda aparılacaq danışıqların mövzusu olacaq.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu RusiyaNIN Baş nazirin müavini Vitali Savelyev Tehranda jurnalistlərə bildirib.
"İran bizim üçün ilk növbədə strateji tərəfdaşdır və müzakirə etmək istədiyimiz birgə məsələlər var. Buraya dəniz, avtomobil, dəmir yolu nəqliyyatı, hava əlaqələri sahəsində bir sıra məsələlər daxildir", - o bildirib.
Onun sözlərinə görə, xüsusilə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinin müzakirəsi planlaşdırılır: "Ümid edirik ki, həll yolları tapa biləcəyik və 2023-cü ildə imzalanmış sənədlərin - hökumətlərarası sazişin icrasını davam etdirəcəyik. Kredit hazırdır, lakin İran tərəfi ilə müzakirə etməli olduğumuz məsələlər var. Faktiki olaraq maliyyələşdirmə açıqdır, hər şey razılaşdırılıb. Sual nə vaxt başlayacağımızdır. Bunu müzakirə edəcəyik".
Rusiya və İran 2023-cü ilin mayında Rəşt-Astara dəmir yolunun inşası üçün layihələndirmə, tikinti və mal və xidmətlərin tədarükü üzrə əməkdaşlıq haqqında saziş imzalayıb. Yeni magistral İranın və Azərbaycanın, eləcə də digər MDB ölkələrinin dəmir yolu şəbəkələrini birləşdirməyə imkan verəcək. Bundan əlavə, Rusiyanın bu tikinti üçün 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayıracağı bildirilirib. Sazişin imzalanması zamanı layihənin ümumi dəyəri 1,6 milyard avro məbləğində qiymətləndirilirdi.
Rusiyanın Baş nazirinin müavinləri Aleksey Overçuk və Vitali Savelyev İranın paytaxtı Tehrana səfərə gəliblər.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Tehranda onları İran Prezidenti Məsud Pezeşkian qəbul edəcək.
Bundan əlavə, onlar İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif, eləcə də yol və şəhərsalma naziri Fərzanə Sadeq ilə danışıqlar aparacaqlar.