Rusiya prezidenti serbiyalı həmkarından üzr istəyib

Rusiya prezidenti serbiyalı həmkarından üzr istəyib Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergei Lavrov Xarici İşlər Nazirliyi sözçüsünün təhqiramiz paylaşımına görə Serbiya prezidenti Aleksandr Vuçiçdən üzr istəyiblər.
Region
777
11 Sentyabr , 2020 15:28
Rusiya prezidenti serbiyalı həmkarından üzr istəyib
Vladimir Putin və Aleksandr Vuçiç
0 : 00
0 : 00

Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov Xarici İşlər Nazirliyi sözçüsünün təhqiramiz paylaşımına görə Serbiya prezidenti Aleksandr Vuçiçdən üzr istəyiblər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiya lideri Serbiya Radio Televiziya Şirkətinə (RTS) müsahibəsi zamanı bildirib:

“Həm Putin, həm də Rusiya xarici işlər naziri Sergey Lavrov əvvəllər heç vaxt məndən üzr istəməyiblər və hər ikisi bunu belə bir hadisə üçün, özü də mən söz salmadan etdilər”.

Prezident A.Vuçiç rusiyalı həmkarı ilə telefon söhbətinin müsbət ab-havada keçdiyini, sözügedən paylaşımı isə əhəmiyyətsiz məsələ hesab etdiyinə görə bu barədə heç söhbət salmadığını, Rusiya tərəfinin üzrxahlığını isə Serbiyaya və şəxsən ona hörmət bəslədiklərinin əlaməti hesab etdiyini diqqətə çatdırıb.

“Tanjug” xəbər verir ki, belə bir paylaşımın yuxarılarla razılaşmadan yerləşdirilmə ehtimalı barədə prezident Vuçiç “hər kəs özünə cavabdehdir” şəklində şərh verib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Serbiya prezidentinin Vaşinqtona rəsmi səfərini və Donald Trampla görüşünü “Facebook” səhifəsində şərh edərkən “Cılız ehtiraslar” (“Low Passions”) filmində aktrisa Şaron Stounun qıçlarını çarpazlaşdıraraq əyləşdiyi epizodu paylaşmışdı.

Orphus sistemi