Politico: Ukraynanın Rusiya zavodlarına zərbələri Moskvanı benzinsiz qoyur

Politico: Ukraynanın Rusiya zavodlarına zərbələri Moskvanı benzinsiz qoyur Ukrayna dronlarının Rusiyanın dərinliklərində neftayırma zavodlarına zərbələr endirməsi Kremli müharibə apararkən öz ərazisini müdafiə etməyə məcbur edib. Lakin hücumlar həm də ağlasığmaz nəticələrə gətirib çıxarıb: dünyanın ən böyük neft ölkəsi benzinsiz
Region
1 May , 2024 05:40
Politico: Ukraynanın Rusiya zavodlarına zərbələri Moskvanı benzinsiz qoyur

Ukrayna dronlarının Rusiyanın dərinliklərində neftayırma zavodlarına zərbələr endirməsi Kremli müharibə apararkən öz ərazisini müdafiə etməyə məcbur edib. Lakin hücumlar həm də ağlasığmaz nəticələrə gətirib çıxarıb: dünyanın ən böyük neft ölkəsi benzinsiz qalıb və yerli yanacağın qiyməti qalxıb.

“Report” xəbər verir ki, bu qənaətə “Politico” nəşri gəlib.

“Hökumətin məlumatlarına görə, Rusiya istehlakçıları üçün dizel yanacağının qiymətləri təkcə son bir həftə ərzində təxminən 10 faiz artaraq kəlləçarxa çıxıb. Benzinin qiymətləri də ilin əvvəlindən bəri 20 faizdən çox artaraq altı ayın ən yüksək səviyyəsinə çatıb, çünki təklif azalır və daha çox zavod hasilatı dayandırmağa məcbur olur”, – qəzet nəql edib.

“Politico” vurğulayıb ki, Kiyev neftayırma zavodlarını qanuni hərbi hədəf olaraq görür.

“Bu, ağcaqanad kimidir: tapa bilməyəndə öldürə bilmirsən və o, gecə-gecə qayıdır, siz isə tükənirsiniz. Bu, cəbhə xəttindəki gərginliyi aradan qaldırmaq üçün çox yaxşı üsuldur”, – Britaniya hərbi kəşfiyyatının sabiq zabiti Filipp İnqrem söyləyib.

Onun sözlərinə görə, zərbələr “neft infrastrukturunu və digər mühüm milli infrastrukturu məhv etdiyi üçün effekt göstərir”.

O bu strategiyanın “yaxın onilliklərdə zabit hazırlığı akademiyalarında öyrəniləcəyini” irəli sürüb.

“Nəticədə Moskva yanacaq ixracını tarixi minimuma endirib, keçən həftə 712 min tondan bir qədər çox dizel nəql edib, 2023-cü ilin eyni həftəsində bu rəqəm 844 min tondan çox olub. Moskva üçün bu, həm siyasi, həm də hərbi problemdir. Ucuz yanacağın Rusiyanın savaşında lazım olması ilə yanaşı, o, Rusiya Prezidenti Vladimir Putinin <…> maaşların geriləməsi və rublun zəifləməsinə qarşı padzəhəridir”, – nəşr vurğulayıb.

“Politico”ya görə, bu tendensiya yaxın gələcəkdə davam edəcək.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Rusiya iqtisadiyyatı üzrə eksperti Mariya Şaginanın fikrincə, Ukraynanın “fiziki sanksiyaları” faktiki sanksiyaları da sürətləndirə bilər:

“Kiyev Moskvanın texnoloji zəifliklərini aşkarlayıb, Ukrayna dronlarının Rusiya neftayırma zavodlarına zərbələri isə artıq həmin zavodların Qərb avadanlıqlarını, hissələrini və proqram təminatını əvəzlətməyə vadar etməklə Qərb sanksiyalarının təsirini sürətləndirir”.

Son xəbərlər

Orphus sistemi