Polis "Ermənistan Elektrik Şəbəkələri" şirkətində əməliyyat keçirir
- 08 iyul, 2025
- 10:19
Hüquq-mühafizə orqanları "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin binasında əməliyyat keçirir.
"Report" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Natalya Saracyan bildirib.
"Bizim iş günümüz saat 09:00-da başlayır. Onlar daha tez gəliblər, binaya daxil olublar və heç kimi içəri buraxmırlar", - o qeyd edib.
Daha əvvəl iş adamı Samvel Karapetyanın qardaşı oğlu, "Ermənistan Elektrik Şəbəkələri"nin direktorlar şurasının sədri Narek Karapetyanın evində axtarışların aparıldığı məlum olub.
Xatırladaq ki, qurumun ofisində axtarışlar iyunun 2-də aparılıb. Bundan sonra xüsusilə iri məbləğdə pulların yuyulması və vergilərdən yayınma maddələri ilə cinayət işi açılıb. İstintaq çərçivəsində şirkətin dörd əməkdaşı həbs edilib.
Qeyd edək ki, "Taşir" Qrupunun rəhbəri Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq iyunun 18-də iki ay müddətinə həbs edilib. Bundan dərhal sonra hakimiyyət S.Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilmək barədə qərarını elan edib. Parlament müvafiq qanunu qəbul edib.