Paşinyan geri çəkildi, “İsgəndər”lə bağlı dediklərini təkzib etdi

Paşinyan geri çəkildi, “İsgəndər”lə bağlı dediklərini təkzib etdi Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Vane Gevorkyan məlumat verib
Region
1 Mart , 2021 14:02
Paşinyan geri çəkildi, “İsgəndər”lə bağlı dediklərini təkzib etdi
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan indi də “İsgəndər” raketinin keyfiyyəti ilə bağlı ona dezinformasiya verildiyini iddia edir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Vane Gevorkyan məlumat verib.

“Nikol Paşinyan deyib: "Faktları təhlil edərək belə qərara gəldim ki, “İsgəndər”lə bağlı mənə yanlış məruzə ediblər”, - o bildirib.

Mətbuat katibinin sözlərinə görə, “İsgəndər”in keyfiyyətinin Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlığa heç bir aidiyyəti yoxdur.

Qeyd edək ki, Ermənistan ordusunun balansında olan Rusiya istehsalı “İsgəndər” taktiki-raket komplekslərindən İkinci Qarabağ müharibəsində istifadə edilib-edilməməsi ilə bağlı mübahisələr səngimir. Ermənistan silahlı qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyan noyabrın ortalarında bildirmişdi ki, müharibədə “İsgəndər”dən istifadə ediblər, ancaq onun hara atıldığını deyə bilməz.

Fevralın 17-də Ermənistanın sabiq prezidenti Serj Sarqsyan yerli televiziyaya müsahibəsində bildirib ki, “İsgəndər” raketindən Şuşanı yenidən ələ keçirmək üçün istifadə ediblər. Müxbirin “düşmənin ərazisinə niyə bu raket atılmadı?” sualına cavabında o deyib: “Cavab zərbəsindən ehtiyat edildiyi üçün atılmayıb. “İsgəndər”dən müharibənin 4-5-ci günü Horadiz və başqa istiqamətlərdə istifadə etmək lazım idi”.

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezidentə cavab olaraq istifadə olunan “İsgəndər” raketlərinin ya “partlamadığı” ya da “10 %-nin partladığını” deyib.

Rusiya Müdafiə Nazirliyi isə, öz növbəsində, bu raketlərin hamısının müttəfiqinin arsenalında qaldığını və müharibədə istifadə edilmədiyini açıqlayıb. Bundan başqa, qurum raketin kifayət qədər effektiv olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev də yerli və xarici jurnalistlər üçün keçirdiyi geniş mətbuat konfransında mübaribədə “İsgəndər”in tətbiqinə dair məlumatın olmadığını bildirib: “Biz “İsgəndər” raketinin atılmasını görməmişik. Ona görə bu bəyanat səsləndiriləndə ötən gün biz yenə də maraqlandıq, ancaq yox, biz bunu görməmişik. Bu sadəcə publik şəkildə deyilmiş boş söz idi”.

Daha sonra Rusiya Müdafiə Nazirliyi “İsgəndər”lərin effektivliyini nümayiş etdirmək üçün “RİA Novosti” dövlət agentliyinin vasitəsilə Suriyada hədəflərin vurulmasının görüntülərini paylaşıb. Videodakı raket zərbələrinin endirildiyi yerlərin məktəb və xəstəxana olduğu məlum olandan sonra “RİA Novosti” videoçarxı silib.

Son xəbərlər

Orphus sistemi