Ermənistan Azərbaycan və Türkiyə üçün maneə deyil, onlar arasında əlaqələndirici halqa olmaq istəyir.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan mətbuat konfransında bildirib.
"Ermənistan Respublikası maneə olmaq istəmir. Biz 21-ci əsrdə yaşayırıq. Bütün ölkələr digərləri ilə münasibətlər qurmaq, ticarət etmək istəyir. Bu, dövlətlərin həyati maraqlarından irəli gəlir. Biz digər dövlətlər, qonşularımız arasında maneə deyil, körpü olmaq istəyirik", - A.Mirzоyan vurğulayıb.
O həmçinin qeyd edib ki, əgər Ermənistan və Türkiyə arasında sərhəd açılarsa və etimad yaranarsa, erməni sərhədçiləri rusiyalıların əvəzinə sərhədi özləri qoruya bilərlər.
XİN başçısı vurğulayıb ki, Türkiyə ilə Qars-Gümrü dəmir yolunun bərpası Ermənistan üçün böyük iqtisadi imkanlar açacaq.