Avropa Parlamenti Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə nümayəndə heyətinin sədri və iki müavinini seçib.
“Report” xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Latviyanın parlamentinin deputatı Nil Uşakov, Avropa Parlamentinin Fransadan olan deputatı Natali Luazo və Polşadan olan deputat Mixal Şterba isə onun müavinləri seçiliblər.
N.Uşakov qeyd edib ki, Şərqi Avropadakı münaqişələr Cənubi Qafqaz regionunun geosiyasi vəziyyətinə təsir edib. O, həmçinin vurğulayıb ki, regionun özündəki vəziyyət Avropa İttifaqı ilə münasibətlərə birbaşa təsir göstərir:
"Regionda həm daxili hadisələr, həm də regional münaqişələr baş verir. Bu da geosiyasi vəziyyəti dəyişib və Avropa İttifaqı ilə Cənubi Qafqazın üç ölkəsi arasındakı münasibətlərə birbaşa təsir göstərir".
Yeni sədrin sözlərinə görə, Cənubi Qafqaz böyük strateji və iqtisadi əhəmiyyətə malikdir.
"İrəlilədikcə biz dialoqu gücləndirməyə, regional sabitliyi təşviq etməyə və təhlükəsizlik, qanunun aliliyi və insan hüquqları kimi əsas sahələrdə əməkdaşlığı genişləndirməyə xüsusi diqqət yetirəcəyik. Qafqazın daha firavan gələcəyi naminə hər birinizlə əməkdaşlığa ümid edirəm", - o əlavə edib.