Kreml ABŞ-nin Ukraynadan Rusiya ərazisinə ATACMS raketləri ilə zərbələr endirilməsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına gəldiyini güman edir.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O, Qərb mətbuatında ABŞ dövlət katibi Antoni Blinkenin Kiyevə səfəri zamanı Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün ATACMS-dən istifadə etməyə icazə verə biləcəyi ilə bağlı yayılan xəbərləri belə şərh edib: “Çox güman ki, bütün bu qərarlar artıq verilib. Hazırda mediada artıq qəbul edilmiş qərarın rəsmiləşdirilməsi üçün informasiya kampaniyası aparılır”.
"ABŞ və Avropa ölkələri bu münaqişəyə cəlb olmaqdan uzaqlaşmaq üçün cəhdlər edir. Lakin buna nail olacaqlarını düşünmürük. ABŞ və Avropa dövlətlərinin Ukrayna ətrafındakı münaqişədə iştirakı birbaşa xarakter daşıyır”, - o bildirib.
Peskov “Vaşinqtonun Ukraynaya Rusiya ərazisini uzaqmənzilli silahlarla vurmaq üçün mümkün icazəsinə Rusiyanın cavabı necə olacaq” sualına cavabında bildirib ki, uyğun cavab olacaq və Ukraynadakı addımlar da buna cavabdır.
Qeyd edək ki, “Teleqraf” qəzeti ABŞ Prezidenti Cozef Bayden bu həftə Ukraynanın Rusiya daxilinə zərbələr endirmək üçün Britaniyanın “Storm Shadow” raketlərindən istifadəsinə qoyulan qadağanı ləğv edə biləcəyini yazıb.