Kiyev sakinləri hava hücumlarından qorunmaq üçün hara sığınırlar? - REPORTAJ

Region
  • 08 yanvar, 2024
  • 07:15
Kiyev sakinləri hava hücumlarından qorunmaq üçün hara sığınırlar? - REPORTAJ

Son vaxtlar paytaxt Kiyev də daxil olmaqla, Ukraynanın bir sıra şəhərlərinin Rusiya ordusu tərəfindən intensiv raket və dron hücumlarına məruz qalması dinc sakinlər arasında da tələfatı artırıb. Bu hal əsasən də sakinlərin hava hücumu zamanı sığınacaqlardan istifadə etməsini aktuallaşdırıb.

"Report"un Şərqi Avropa bürosu son günlər hər gün hava həyəcan siqnallarının verildiyi Kiyevdə mülki insanların sığınacaqlar ilə bağlı durumunu öyrənib.

Kiyev sakini Anastasiya Poprejay bildirib ki, sığınacaqlar bir az çox olsa yaxşı olardı: "Hazırda yaşadığımız ərazidəki sığınacaqlar da yarayır. Mən əslən Dnepropetrovsk vilayətindənəm. Sığınacaqlar orada da yaşayış yerlərində bəs edir, amma məktəb və uşaq bağçalarında yox. Hava hücumları zamanı bu yerlər əsasən təhlükəli olur. Çox yaxşı olardı ki, uşaqlar olan yerlər daha çox nəzərə alınsın”.

Anastasiya Poprejay

Paytaxt sakini Nikolay Bloxin isə deyib ki, sığınacaqlar şəhərdə əsasən kifayət etmir: "Hava hücumları zamanı sığınacaqlar azlıq edir. Hücumlar zamanı həyəcan siqnallarına ciddi önəm verənlər istənilən sığınacaq tapıb ora girirlər. Amma yaxşı olardı ki, yaşayış yerlərinin hamısı yaxınlıqda olardı. Hazırda hücumlar zamanı insanlar yaşadıqları yerdə harada gəldi sığınırlar, zirzəmidə və sair".

Nikolay Bloxin

Kiyevin digər sakini Liliya Parsuk isə bildirib ki, adətən sığınacaqlarda çox adam olmur, ona görə də azdır demək olmaz: "Daha doğrusu, insanlar sığınacaqlara getmir və ona görə hələ ki yerlər bəs edir. Bəlkə də hamı ora getsəydi, yer çatmazdı. Keçən dəfə çox adam var idi. Ancaq sonuncu dəfə bu hal yaşandı. Həqiqətən də, sığınacaqları daha çox etmək yaxşı olardı".

Liliya Parsuk

Xersondan gəlib müvəqqəti olaraq Kiyevdə yaşayan Andrey Kovalyev isə deyir: "Xersonda da sığınacaqlar kifayət etmir. Hər gün raket, minaatanlardan atəşə tutulur, insanlar sığınmağa yer axtarırlar. Mən oradanam, Kiyevə bu yaxınlarda müvəqqəti gəlmişəm. Burada yaşadığım ərazi Xersonla müqayisədə eynidir. Paytaxtda da çatmır. Son günlər gördüyünüz kimi hər gün raket və dronlarla hücum edilir Kiyevə. İnsanlar daha çox qaçıb yeraltı metrostansiyalarında sığınırlar”.

Andrey Kovalyev

Paytaxtın digər sakini Yekaterina Qodunova isə bildirir ki, yaşadığı yerdə hər tərəfdə sığınacaqlar var: “Hücum olan kimi normal sığınacaqlara sığınırıq. Amma doğulduğum Sumı vilayətindən bu barədə bir az yer çatışmazlığı var".

Yekaterina Qodunova

Kiyev Hərbi Administrasiyasının sözçüsü Mixail Şamanov isə "Report"a paytaxtda sığınacaqlar ilə bağlı son durumu açıqlayıb: "Sığınacaqlar Kiyevin mühafizə olunan tikililər fondunun siyahısına daxil edilib. Onların yerini xəritədə tapmaq olar. Buraya həm ən sadə, həm də ən mürəkkəb quruluşa malik bomba sığınacaqları daxildir. Sadə sığınacaqlara yeraltı keçidlər, yeraltı parkinqlər aiddir. Mürəkkəb sığınacaqlarda isə qidalar, su və s. olur. Təkcə Kiyevdə 5 minə yaxın belə sığınacaq var. Bu istiqamətdə işlər daim aparılır. Kiyevin rayonlarında onlara nəzarət edən komissiyalar fəaliyyət göstərir. Əlbəttə ki, bununla bağlı insan amilini də unutmaq olmaz. Belə ki, insanlar sığınacaqlardan istifadə edən zaman həmin yerlərdə, məsələn, nəyəsə zərər dəyə və ya nəsə qırıla bilər. Üstəlik, sığınacaqların əksəriyyəti tarixi 1960-1970-ci illərə uzanan tikililərdə yerləşir. Məsələn, sığınacaqların yerləşdiyi tikililərin bəzilərində borular köhnə olduğuna görə onlar dəyişdirilib. Ümumilikdə, bu sığınacaqlarda təmir işləri aparılıb. Bir sözlə, Kiyevin mühafizə olunan tikililər fondu bu istiqamətdə işləri davam etdirir. Biz vətəndaşların müraciətlərinə dərhal reaksiya veririk".

Əlavə edib ki məktəblər, kitabxanalar, xəstəxanalarda, bağçalarda yerləşən yerlər sığınacaqlar hesab olunmur: "Amma insanlar bu yerlərə gələrək, məsələn, isinə, mobil əlaqəyə çıxış əldə edə bilər və s. Yəni bu yerlərdə insanlar bir müddət qala bilər. Məsələn, əgər kiminsə evində işıq, təbii qaz, su yoxdursa, o, həmin yerlərə gələ bilər. Burada o, lazımi qidalarla, yeməklə təmin olunacaq. Kiyevdə hazırda bu qəbildən 1000 obyekt var. Bu məkanlarının yerini də bizim mobil tətbiq vasitəsilə tapmaq olar. Üstəlik, tətbiqdə onların fəaliyyət cədvəli barədə də məlumat verilib. Amma məsələn, havalar daha da soyuyanda bu məkanlar fasiləsiz fəaliyyət göstərəcək".