Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında saxlanılan etirazçıların sayı 26 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Sputnik-Armeniya"ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“News.am” polis rəisi Aram Ovannisyana istinadən bildirib ki, İrəvanda polislə etirazçılar arasında toqquşma zamanı üç polis yaralanıb.
İrəvanda xüsusi təyinatlı polis qüvvələri arxiyepiskop Baqrat Qalstanyana zərbələr endirib.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə “Milli Cəbhə” sosial şəbəkələrdə məlumat yayıb.
Bundan əlavə, din xadimləri saxlanılıb, Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında keçirilən aksiyanı işıqlandıran bəzi jurnalistlər döyülüb.
Polisin 16 nəfəri saxladığı bildirilir.
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb.
“Report” xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.
Məlumata görə, polis etirazçıları saxlayır və xəbərdarlıq olaraq binanı bağlayan bəzi təhlükəsizlik qüvvələri qalxanları döyəcləyir.
“Vətən uğrunda Tavuş” hərəkatının üzvləri bundan əvvəl xarici işlər naziri Ararat Mirzoyanla görüş tələb ediblər. XİN-dən bildiriblər ki, hazırda onları qəbul edə bilmirlər.
Ermənistanın paytaxtı İrəvanın mərkəzində müxalif “Vətən uğrunda Tavuş” hərəkatının təşkil etdiyi etiraz aksiyası başlayıb.
“Report” bu barədə “Sputnik Armeniya”ya istinadən xəbər verir.
Məlumata görə, hazırda İrəvanda arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə yürüş keçirilir. İştirakçılar baş nazir Nikol Paşinyanın istefaya göndərilməsini, həmçinin Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə son qoyulmasını tələb edirlər.