Rusiya Prezidenti Vladimir Putin etnik rusların ümumi səfərbərliyinə yol verməmək üçün Ukraynadakı müharibənin yükünü etnik azlıqların üzərinə qoymağa çalışır.
“Report” xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu (MAİ) məlumat yayıb.
Bildirilib ki, V.Putinin bu cür hərəkətləri Rusiyanın etnik anklavlarında müqavimətə yol aça bilər. Qeyd olunub ki, Rusiyada tuvalı fəallardan ibarət müharibə əleyhinə təşkilat olan “Yeni Tuva” hərəkatı yaradılıb. Bu xəbər son vaxtlar Rusiyada yerləşən və əksəriyyəti müxtəlif etnik qruplara mənsub olan regional könüllü taborların sayının artması kontekstində diqqət çəkir.
“Bu məlumatlar onu göstərir ki, Putin çoxlu sayda etnik rusları səfərbər etmək istəmədiyi üçün ümumi səfərbərlik keçirməkdən çəkinə bilər”, - institutdan qeyd olunub.