Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün Türkiyə Cümhuriyyətinin elan edilməsinin 95-ci ildönümü günündə İstanbulda yeni inşa olunmuş hava limanının açılış mərasimi keçirilib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirdə Pakistan Prezidenti Arif Alvi, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov, Albaniya Prezidenti İlir Meta, Qətərin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Moldova Prezidenti İqor Dodon və başqaları iştirak ediblər.
Yeni hava limanına ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi enib.
Əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım, nəqliyyat və kommunikasiya naziri Cahit Turan və “Çengiz İnşaat” şirkətinin sahibi Çengiz Yılmaz çıxış ediblər.
Yeni hava limanından ilk daxili uçuş Ankaraya, xarici uçuş isə Şimali Kiprə və Azərbaycana həyata keçiriləcək.
Qeyd edək ki, ümumi büdcəsi 10 milyard avrodan artıq olan yeni hava limanının büdcəsi 6 milyard avro olan ilk mərhələsinin tikintisi 4 il əvvəl başlayıb, burada 10 minədək fəhlə çalışıb. Sahəsi 76,5 milyon kvadrat metr olan hava limanının ilk mərhələdə illik gücü 90 milyon sərnişindir. Yekun variantda burada 6 uçuş zolağı, 500 təyyarəlik dayanacaq, 70 min avtomobil yerləşəcək açıq və qapalı parkinqlər fəaliyyət göstərəcək. İstanbul aeroportunun tikintisinin 2028-ci ilədək tamamlanması nəzərdə tutulur. Aeroport tam istifadəyə verildikdən sonra hər gün 2 min təyyarə qəbul edəcək və yola salacaq. 350 istiqamətə uçuşları həyata keçirəcək hava limanı dünyanın 250 aviaşirkətinə xidmət göstərəcək.
Vüsalə Abbasova