İstanbulda XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb

İstanbulda XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb İstanbul. 6 fevral. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb.
Region
6 Fevral , 2019 18:58
İstanbulda XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb
Report

İstanbul. 6 fevral. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb.

"Report"un Türkiyə bürosu xəbər veri ki, “Gələcək üçün məsuliyyət” devizi altında təşkil olunan tədbir Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilir. 

Azərbaycanın geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunduğu sammitdə 43 ölkədən yüksək səviyyəli dövlət və hökumət nümayəndələri, sabiq prezidentlər, deputatlar, səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edirlər. 

Zirvə toplantısının açılışında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısı İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub.

Sammitdə həmçinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım çıxış edərək Avrasiya bölgəsində sülhün, sabitliyin təmin olunması üçün zirvənin əhəmiyyətinə toxunub. O, bölgədə güc sahibi olan Türkiyənin qonşu ölkələrlə sıx əməkdaşlıq içində olduğunu deyib. Parlament sədri bölgədə müharibələrdən əziyyət çəkən ölkələrdən də danışıb, dünyanı sülhə çağırıb. 

Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, İstanbul Geyim Əşyaları İxracatçıları Birliyinin rəhbəri Mustafa Gültəpə və başqaları çıxış ediblər.

Qeyd edək ki, iki gün davam edəcək toplantıda texnologiyaların inkişafı və insanların gələcəyi, iqtisadiyyatda və enerji sahəsində süni intellektdən istifadə, qloballaşma və müasir dünya, dinlərin rolu, su və enerji ilə bağlı mövzular müzakirə olunacaq.

Xatırladaq ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi 22 ildir Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər, regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi