Bakı. 12 aprel. REPORT.AZ/ Qazaxıstan paytaxtı Astanada sentyabrın 10-11-də İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının sammiti keçiriləcək.
“Report” “Kazinform”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın milli iqtisadiyyat naziri Timur Süleymanov bildirib.
Onun sözlərinə görə, toplantıda elm və texnologiya məsələləri müzakirə olunacaq. Nazir qeyd edib ki, bu, İƏT-in elm və texnologiya məsələlərinə həsr edilən ilk sammitidir. O deyib ki, həmin toplantıda “İslam Əməkdaşlıq Təşklilatına üzv-dövlətlər arasında iqtisadiyyat, texnologiya və ticarət haqqında böyük razılaşmanın ratifikasiyası haqqında” qanun layihəsi təqdim ediləcək.
Qazaxıstan xarici işlər nazirinin müavini Akılbek Kamaldinov isə bildirib ki, belə bir sammitin keçirilməsinin təşəbbüskarı İƏT-in baş katibidir: “Sammit Pakistanda keçirilməli idi. Ancaq onlar tədbirin keçirilməsi öhdəliyini üzərlərinə götürmədi. Prezident Nursultan Nazarbayev həmin sammitin Qazaxıstanda keçirilməsi haqqında qərar qəbul edib”.
Onun sözlərinə görə, İƏT-ə üzv olan 10 dövlət və hökumət başçısı artıq sammitdə iştirakını təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla İƏT-in 57 üzvü var.