Həştərxan Media Forumu çərçivəsində Xəzəryanı ölkələr arasında informasiya mübadiləsinə dair razılaşmanın əldə olunması məsələsi müzakirə olunacaq.
“Report”un Həştərxana ezam olunmuş əməkdaşının məlumatına görə, bunu IX Xəzər Media Forumunda çıxış edən vilayətin vitse-qubernatoru Pavel Pautov deyib.
Öz növbəsində TASS İnformasiya Agentliyinin baş direktorun birinci müavini Mixail Qusman vurğulayıb ki, forumda Xəzəryanı dövlətlərin informasiya agentlikləri Alyansının yaradılması ilə bağlı müzakirələr də aparılacaq.
Forumda çıxış edən Azərbaycan mədəniyyət nazirinin birinci müavini Fərid Cəfərov Heydər Əliyev Fondunun Həştərxan vilayətində həyata keçirdiyi layihələri qeyd edib: məktəblərin yenidən qurulması və genişləndirilməsi, parkların salınması və s.
O vurğulayıb ki, Həştərxan forumu artıq doqquzuncu dəfə keçirilir və mövcud olduğu bütün dövr ərzində bu, dialoq platformasına çevrilib.
Azərbaycanın mədəni irsinə gəlincə, nazir müavini qeyd edib ki, Azərbaycan mədəniyyətinin 23 elementi UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. O cümlədən onlardan 9-u Xəzəryanı ölkələrlə birgə daxil edilib: “İndi Azərbaycanın mədəni inkişafı və mədəni irsinin qorunub saxlanması üçün əsas prioritet ölkənin işğaldan azad edilmiş ərazilərində mədəni irs abidələrinin bərpasıdır. Bu istiqamətdə fəal siyasət aparılır. Xüsusilə, artıq bir neçə ildir ki, Şuşada Xəzəryanı ölkələrin iştirak etdiyi Xarıbülbül festivalı keçirilir”.
O, həmçinin bildirib ki, su hövzələrində suyun səviyyəsinin qalxması, daşqınlar və ümumilikdə bu kimi təbii fəlakətlər mədəni irs üçün təhlükə yaradır: “Ona görə də belə fəlakətlərin qarşısının alınması üçün birgə tədbirlərin həyata keçirilməsi vacibdir”.
Forumun plenar iclasında çıxış edən “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov da öz növbəsində forumun mədəni dialoqun inkişafı üçün əhəmiyyətini vurğulayıb. O, həmçinin bildirib ki, Rusiya Xəzəryanı dövlətlərin vətəndaşlarına dövlət kvotasına uyğun olaraq öz ali məktəblərində təhsil almaq imkanı yaradır. Eyni zamanda, bu kvota üzrə Azərbaycandan hər il 270 ölkə vətəndaşı Rusiya ali məktəblərinə daxil olur.
Media forumunun plenar iclasında Rusiya Prezidentinin Cənub Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Anton Kalinin, Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Bella Çerkesova, İranın Rusiyadakı səfiri Kazem Cəlali, Qazaxıstanın Atırau vilayətinin aparat rəhbəri Nurlıbek Jenisbekuli, Türkmənistanın Televiziya, Radio verilişləri və Kinematoqrafiya üzrə Dövlət Komitəsinin Danışıqlar şöbəsinin baş redaktoru Mekan Xudayberdiyev və başqaları çıxış ediblər.
Media forum çərçivəsində “Mədəniyyətlərin dialoqu və dialoq mədəniyyəti”, “Kino universal ünsiyyət dili kimi”, “İncəsənət və mediada rəqəmsal texnologiyalar”, “Avrasiya məkanında mədəni-tarixi birlik” mövzularında müzakirələr aparılacaq. Həmçinin, “Araşdırma jurnalistikası” mövzusunda ustad dərsi keçiriləcək.
Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru Pavel Pautov Xəzər Media Forumunda “Xəzər bu gün” informasiya məzmun-platformasını təqdim edib.
“Report”un Həştərxana ezam olunmuş əməkdaşının məlumatına görə, media platforması informasiya qıtlığının aradan qaldırmağa və onun əlçatanlığını artırmağa kömək edəcək.
“İlk növbədə, qlobal informasiya müharibəsi şəraitində böyük həcmdə düşmənçilik xarakterli məzmunun və açıq-aşkar saxta məlumatların yayılmasına qarşı çıxmaq, etibarlı informasiyanı geniş auditoriyaya çatdırmaq lazımdır. Bununla əlaqədar olaraq, biz “Xəzər bu gün” beynəlxalq Xəzər media platformasının layihəsini təqdim etmək və region ölkələrindən jurnalistləri onun işində iştiraka dəvət etmək istəyirik. İnanırıq ki, jurnalistlər, iş adamları və tələbələr üçün uyğunlaşdırılmış bu vahid məzmun platforması informasiya çatışmazlığını aradan qaldırmağa və onun əlçatanlığını artırmağa kömək edəcək”, - P.Pautov bildirib.
Onun sözlərinə görə, platforma altı dildə, o cümlədən Azərbaycan, qazax, türkmən və ingilis dillərində xəbərlərə baxmağa imkan verəcək.
Qeyd edək ki, Xəzər Media Forumunda ümumilikdə 120-yə yaxın xarici qonaq iştirak edir. Nümayəndə heyətlərinin tərkibində həm dövlət orqanlarının nümayəndələri, həm də Xəzəryanı ölkələrin KİV rəhbərləri təmsil olunur.
Bu il Xəzər Media Forumu doqquzuncu dəfə keçirilir. Tədbir "Mədəniyyətlərin dialoqu Xəzər regionunun inkişafının əsası kimi" mövzusunda keçirilir.