"Haber Global": Helikopterin qalıqları onun qəzaya uğradığını sübut edir

"Haber Global": Helikopterin qalıqları onun qəzaya uğradığını sübut edir Haber Global İran İslam Respublikasının prezidenti İbrahim Rəisi və nümayəndə heyətinin həlak olduğu helikopter qəzasının səbəblərinin araşdırılması ilə əlaqədar proqram hazırlayıb.
Region
20 May , 2024 18:10
Haber Global: Helikopterin qalıqları onun qəzaya uğradığını sübut edir

"Haber Global" İran Prezidenti İbrahim Rəisi və nümayəndə heyətinin həlak olduğu helikopter qəzasının səbəblərinin araşdırılması ilə əlaqədar veriliş hazırlayıb.

“Report” xəbər verir ki, verilişin qonaqları mühəndis pilot Ahmet İzgi, İstanbul Gelişim Universitetinin doktorantı Ali Semin və Çağ Universitetinin müəllimi, professor Murat Koç olublar.

Mühəndis Pilot Ahmet İzgi helikopterlərin istifadə müddətinin nə qədər çox olmasının önəm kəsb etmədiyini deyib:

“Aviasiya vasitələri vaxtında təmir olunarsa, onlar uzun müddət istifadə edilə bilər. Xüsusilə də motorları dəyişdirilibsə, onun yaşı önəm deyil. Bu baxımdan hesab edirəm ki, qəzanın əsas səbəbi əlverişsiz hava şəraitidir. Helikopterin ani duman içində qalması vəziyyəti olduqca çətinləşdirib. Düşünün ki, 150 kilometr sürətlə gedən avtomobilin şüşələri bir anda ağ dumanla əhatələnir. Belə olanda pilotun nə hiss etdiyini anlamaq mümkündür. Bütün bunlar pilotun psixologiyasına da təsirsiz ötüşmür. O belə bir vəziyyətdə harada olduğunu və həmin həyəcanla nə edəcəyini bilmir”.

"Əgər helikopter havada vurularaq yerə düşmüş olsaydı və ya havada partlayış baş versəydi, onun yerdəki parçaları bir neçə yüz metr, hətta kilometr əraziyə dağılmış olardı. Lakin qəza yerindən yayımlanan görüntülərə baxanda helikopterin motoru ilə gövdəsi arasındakı məsafə bir neçə metrdir. Yəni, bu görüntülər bizə helikopterin qəza nəticəsində yerə çırpıldığını deməyə imkan verir. Eyni zamanda ölənlərin də bədənlərinin parçalanmadığını müşahidə edirik. Əgər yuxarıda bir partlayış olsaydı və ya helikopter vurulsaydı, insan bədəninin hissələrinin yüzlərlə metr əraziyə dağıldığının şahidi olardıq", - A.İzgi vurğulayıb.

Verilişdə helikopter qəzasının necə baş verməsi ilə əlaqədar mülahizələr irəli sürülüb və mövzu barədə müzakirələr davam etdirilib.

Son xəbərlər

Orphus sistemi