“Gürcüstana dəyər verən bütün siyasi qüvvələri əsl dialoqa başlamağa çağırıram”.
“Report”un yerli bürosu xəbər verir ki, bu çağırışla Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxış edib.
O qeyd edib ki, ölkənin qarşısında duran çağırışlar fonunda qarşıdurmanın deyil, dialoqun zamanıdır: “Bütün sağlamfikirli müxalif qüvvələri parlamentə daxil olmağa və qanunverici orqanı müzakirələr üçün əsas meydança kimi istifadə etməyi təklif edirəm. Ötən gün dediyim kimi, biz, istənilən vaxt və formatda əsl dialoqa hazırıq”.
İ.Qaribaşvilinin sözlərinə görə, bütün siyasi qüvvələr Gürcüstan dövlətçiliyi və müstəqilliyinin, demokratik quruluşun möhkəmləndirilməsi, iqtisadi və sosial problemlərin həlli, Gürcüstanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasının qayğısına qalmalıdır: “Vətənimiz vaxt itirməməlidir. Bu gün bölünmə deyil, birləşmək vaxtıdır”.