Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) Tbilisidə akkreditə olunmuş diplomatik nümayəndəliklərə Ermənistanın Azərbaycana mina xəritələrini verməməsi barədə ingilis, rus və gürcü dillərində məlumatın yer aldığı məktub ünvanlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə GAİM-in yaydığı məlumatda bildirilib.
Sənəddə qeyd olunub ki, Ermənistan 30 illik işğal müddətində Azərbaycan torpaqlarında çoxlu sayda minalar basdırıb və beynəlxalq humanitar hüquqa əsasən bu, Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur: “Ermənistan minalardan məqsədli şəkildə istifadə edərək bunu Azərbaycanın mülki əhalisinə yönəldib. Bu, Ermənistanın hərbi cinayətlərinin nümunəsidir və Ermənistanın beynəlxalq öhdəliyinə ziddir. Ermənistan tərəfi Azərbaycan tərəfinə minalanmış ərazilərin xəritəsini təqdim etmir. Bu, eyni zamanda, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətinin və qətliamın davam etdirilməsidir”.
Məktubda xüsusilə vurğulanıb ki, erməni tərəfi hərbi əhəmiyyəti olmayan mülki əraziləri minalayıb, bu isə mülki vətəndaşlar üçün təhlükə mənbəyi yaradır: “Minalanmış ərazilər birbaşa olaraq mülki əhalini məqsədli şəkildə məhv etməyi hədəflədiyi üçün müharibə cinayəti kimi təsnif olunmalıdır. Buna görə də, humanitar böhran vəziyyətini dərinləşdirdiyinə və mülki əhalini hədəfə aldığına görə beynəlxalq hüquq müstəvisində Ermənistana qarşı hüquqi prosedurlar başlanmalıdır”.
GAİM bildirib ki, 30 il öz yurd-yuvalarından didərgin düşüb, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş insanların haqları kəskin şəkildə pozulur: “Ərazilər təhlükəli olduğundan onlar hələ də öz evlərinə dönə bilmirlər. İşğaldan azad edilmiş torpaqların minalanması bu gün orada aktiv quruculuq işlərinin həyata keçirilməsinə də mane olur. 44 günlük Vətən müharibəsindən əldə olunmuş tarixi Qələbədən sonra azad olunmuş ərazilərdə geniş quruculuq işləri həyata keçirmək üçün ilk növbədə həmin yerlərin minalardan, partlamamış hərbi sursatlardan təmizlənməlidir. Amma Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə hər yeri, hətta, hərbi təyinatı olmayan əraziləri də minalayan Ermənistan minalı sahələrin xəritələrini verməməkdə israrlıdır. Bunun üçün də növbəti məkrli plana əl atır və yalandan minalanmış ərazilərin xəritəsinin olmadığını bildirir”.
Sənəddə deyilir ki, Ermənistanın məqsədi mümkün qədər çox mülki şəxsin həlak olmasıdır: “Bu da yerli sakinlərin qayıdışını çətinləşdirməyə, müddətini uzatmağa yönəlmiş bəşəri cinayətidir. Bunun hərbi cinayət olduğuna dair beynəlxalq qanunvericilik və konvensiyalar mövcuddur. Ermənistan istəyir ki, Azərbaycan minaaxtaranları və yerli əhali arasında çox tələfat olsun. İkinci məqsəd bərpa işlərini ləngitməkdir. Həmçinin istəyirlər ki, Azərbaycan qısa zamanda Böyük Qayıdış planını həyata keçirə bilməsin. Bu cür psixologiya humanizm prinsiplərindən, haqqdan və ədalətdən uzaqdır”.
Məktub 30-dan çox beynəlxalq təşkilata da göndərilib.