Tbilisi. 8 iyun. REPORT. AZ/ Gürcüstanda seçki kampaniyasına rəsmən start verilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bununla bağlı artıq ölkə prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.
İyunun 8-dən siyasi partiyalara və siyasi partiyaların bloklarına, eləcə də ayrı-ayrı vətəndaşla seçkiqabağı təbliğata başlamalarına rəsmən icazə verilib. Seçki subyektləri bu gündən seçki plakatlarını, broşür və digər təbliğat materiallarını yaymaqla yanaşı, televiziya və radiolarda, eləcə də yazılı mətbuatda çıxış edə bilərlər. Onlara televiziyalarda siyasi reklam üçün pulsuz efir vaxtı verilir. İlkin məlumatlara görə, seçkilərdə 30-dək siyasi partiya mübarizə aparacaq. Seçkilərdə iştirak etmək istəyən siyasi partiyalar avqustun 1-dək Gürcüstan Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçməlidirlər.
Qanunla bütün administrativ resurslardan istifadə edilməsi qadağan olunur. Seçki Məcəlləsinin tələbinə görə, bu gündən yüksək vəzifəli şəxslər – nazirlər, nazir müavinləri, komitə sədrləri və hökumətdə təmsil olunan digər vəzifəlilər seçkiqabağı təbliğatda iştirak edə bilməzlər. Dövlət və hökumət rəsmiləri seçkilərdə müstəqil iştirak etmək istəsələr, vəzifələrindən istefa verməlidirlər.
Gürcüstan qanunvericiliyində milli azlıqların parlamentdə mandat alması barədə heç bir müddəa yoxdur. Sadəcə olaraq, siyasi partiyalarda nüfuzu olan və ictimai fəallığı ilə seçilən şəxslər seçkilərdə iştirak edib, deputat mandatı qazana bilərlər. Rəsmi statistikaya görə ölkədə 3,53 milyon seçici var. Milli azlıqlar Gürcüstanın səsvermə hüquqlu əhalisinin təxminən 30 faizini təşkil edir.
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, bu gün Gürcüstanda 233 min azərbaycanlı yaşayır. Bu isə ümumi əhalinin 6,3 faizini təşkil edir. İkinci yerdə 168 min nəfərlə ermənilər (4,5 faiz) dayanırlar. Gürcüstan əhalisinin 0,7 faizini ruslar, 0,4 faizini osetinlər (Gürcüstanın işğal altında olan ərazilərində yaşayan osetinlər bu siyahıya daxil edilməyib), 0,3 faizini yezidilər və digər milli azlıqlar təşkil edirlər. Bu gün Gürcüstan parlamentində 3 nəfər azərbaycanlı, 3 erməni, 1 osetin və 1 abxaz deputat var. Yeni parlamentdə milli azlıqların neçə deputatla təmsil olunacağı hələlik bəlli deyil. İlkin məlumatlara görə, bu seçkilərdə 10 nəfərə yaxın azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq. Proporsional qaydada neçə nəfər soydaşımızın seçkilərdə mübarizə aparacağı isə hələlik məlum deyil.
Qeyd edək ki, oktyabrın 8-də Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Sovetinə seçkilər keçiriləcək. Gürcüstan qanunvericiliyinə görə, parlamentə 150 deputat seçilə bilər. Onlardan 77-si proporsional (partiya siyahısı üzrə), 73 deputat isə mojaritar qaydada seçilməlidir. Konstitusiyaya görə, seçki kampaniyası səsvermə gününə ən geci 60 gün qalmış başlamalıdır. Lakin bu il Gürcüstan tarixində ilk dəfə səsverməyə 4 ay qalmış seçki kampaniyasına start verilib.
Xatırladaq ki, Gürcüstan prezidenti Georgi Marqvelaşvili seçki kampaniyasına may ayından başlanmasını təklif etmişdi. Amma sonradan kampaniyaya iyunun 8-dən başlanılması qərara alındı. Bu, Gürcüstanda ən uzunmüddətli seçki kampaniyası kimi tarixə düşəcək.