Gürcüstanda azərbaycanlı gənclər dövlət qurumlarında iş təcrübəsi keçəcəklər

Gürcüstanda azərbaycanlı gənclər dövlət qurumlarında iş təcrübəsi keçəcəklər Gürcüstanda milli azlıqları təmsil edən gənclərin dövlət qurumlarında iş təcrübəsi keçməsi üçün növbəti proqram elan olunub.
Region
20 Mart , 2019 14:41
Gürcüstanda azərbaycanlı gənclər dövlət qurumlarında iş təcrübəsi keçəcəklər

Gürcüstanda milli azlıqları təmsil edən gənclərin dövlət qurumlarında iş təcrübəsi keçməsi üçün növbəti proqram elan olunub.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin Aparatı məlumat yayıb.

Təcrübə proqramında “1+4” proqramı üzrə ali təhsil alan və ya təhsilini başa vurmuş azərbaycanlı, erməni, abxaz və osetin gənclər iştirak edə biləcəklər. Proqram üzrə 500-dən çox vakant yer təqdim olunub.

Mərkəzi və yerli dövlət orqanlarında təcrübə müddəti 1 aydan 6 aya qədər müəyyən olunub. Təcrübə proqramından yararlanmaqda maraqlı olan gənclər aprel ayının 1-nə qədər müraciətlərini təqdim etməlidirlər.

Layihə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvilinin təşəbbüsü, Gürcüstanın Birləşmiş Millətlər Assosiasiyası və Dövlət Xidmətləri Milli Bürosunun dəstəyi ilə həyata keçiriləcək.

Təcrübə proqramının əsas məqsədi etnik azlıqlardan olan gənclərin məşğulluğunu və onların vətəndaş cəmiyyətinə inteqrasiyasını təşviq etməkdir.

Qeyd edək ki, Gürcüstanda milli azlıqlardan olan gənclər üçün dövlət idarələrində təcrübə proqramı 2017-ci ilin dekabrında hökumət tərəfindən təsdiq olunub.  

Son xəbərlər

Orphus sistemi