“Son illər Marneuli bələdiyyəsində bir sıra layihələr reallaşdırılıb, lakin inkişaf etdirilməli olan daha böyük potensial var”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Kaxa Kuçava hakim Gürcü Arzusu Partiyasının Marneuli meri vəzifəsinə namizədi Kənan Ömərovu ictimaiyyətə təqdimetmə mərasimində çıxışında deyib.
O, Marneulini rəngarəng və zəhmətsevər rayon adlandırıb: “Zəhmətsevər sözünü əbəs yerə işlətmədim. Marneulidə tez-tez olurdum. Səhər 6-7-də rayondan ötərkən böyük və kiçik ailələrin necə çalışdıqlarını görürdüm, bundan qürur və təəccüb hissi keçirirdim. Onlar yalnız ailələri üçün deyil, bütün Gürcüstan üçün də sərvət yaradırlar”.
Tədbirdə iştirak edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneuli meri vəzifəsinə layiqli namizədin irəli sürüldüyünü bildirib. O, K.Ömərovun ilk mərhələdə inamlı qələbə qazanacağına əminlik ifadə edib.
K.Ömərov öz növbəsində göstərilən etimada görə hakim partiyaya təşəkkür edib: “Mən altı ay müddətində Marneuli merinin müavini vəzifəsində çalışmışam və yerli sakinləri narahat edən problemlərlə tanış olmuşam. Əminəm ki, marneulililər düzgün seçim edəcəklər, cari layihələr tamamlanacaq və daha böyük layihələr həyata keçiriləcək”.