Gürcüstan Orta Dəhlizdə yükdaşıma potensialını ikiqat artıracaq
- 17 noyabr, 2026
- 10:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan Orta Dəhliz üzrə yükdaşıma imkanlarını ikiqat artırmağı planlaşdırır.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, ölkə Orta Dəhliz üzrə yük axınının artırılması məqsədilə Azərbaycan, Qazaxıstan və digər region ölkələri ilə koordinasiyalı əməkdaşlığı davam etdirir.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Gennadi Arveladze "Rustavi 2" telekanalına müsahibəsində bildirib ki, Orta Dəhlizin inkişafına həm region ölkələrindən, həm də digər dövlətlərdən maraq artır.
Onun sözlərinə görə, Azərbaycan, Qazaxıstan və Gürcüstan dəhlizin daha böyük həcmdə yük qəbul etməsi və daşınması üçün infrastruktur imkanlarını genişləndirir.
G.Arveladze qeyd edib ki, Gürcüstanda dəmir yolu infrastrukturu modernləşdirilib, hazırda isə əlavə infrastruktur layihələri həyata keçirilir və yeni yük vaqonları alınır.
Nazir müavininin sözlərinə görə, Gürcüstan növbəti iki-üç il ərzində 2 mindən çox yük vaqonu almağı planlaşdırır. Artıq 400 vaqon alınıb. Onlardan 200-ü Gürcüstandadır, daha 200 vaqonun isə ilin sonuna qədər ölkəyə gətirilməsi gözlənilir. Qalan 1600 vaqonun növbəti iki il ərzində alınması nəzərdə tutulur.
Nazir müavini bildirib ki, Gürcüstanın limanları 2026-cı ilin ilk 10 ayında 17,1 milyon ton yük emal edib. Bu, son 10 ilin ən yüksək göstəricisidir. Dəmir yolu ilə isə 12 milyon ton yük daşınıb.
O, əlavə edib ki, əsas məqsəd Gürcüstanın yükdaşıma və logistika imkanlarını ikiqat artırmaqdır. Bunun daha çox yükün cəlb edilməsinə və Orta Dəhliz üzrə logistika imkanlarının genişlənməsinə şərait yaradacağı bildirilib.