Gürcü tarixçi: "Xocalı soyqırımını bağışlamaq olmaz"
- 24 fevral, 2022
- 13:28
"Xocalı faciəsi gözümüz önündə baş verib, dəhşətinə görə tarixdə törədilmiş ən qeyri-insani soyqırımı aktıdır. Bu soyqırımı bağışlamaq və unutmaq olmaz".
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, tarixçi Quram Marxuliya “Socar Energy Georgia” şirkətinin Tbilisidəki baş ofisində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbirdə çıxışında deyib
Onun sözlərinə görə, tələbələrinə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş qanlı hadisələr barədə danışanda onlar faciənin amansızlığından dəhşətə gəlirlər.
Tarixçi qeyd edib ki, ermənilər gürcülərə qarşı da amansızlıqlar törədiblər:
"Gürcüstan Abxaziyada ermənilərin gürcülərin başına gətirdiyi qəddarlıqları heç vaxt unuda bilməz və unutmamalıdır. Xatirimdədir, biz Abxaziyadan qovulan zaman ermənilər bunu çoxdan arzuladıqlarını gizlətmirdilər".
Q.Marxuliyanın sözlərinə görə, Gürcüstan parlamenti Xocalı faciəsini soyqırımı aktı kimi mütləq dəyərləndirməlidir.
O, çıxışının sonunda Azərbaycanın erməni işğalına 44 gün ərzində son qoyaraq Zəfər qazandığını qeyd edərək, dost və qardaş Azərbaycan xalqına tərəqqi və əmin-amanlıq arzulayıb.