Güney azərbaycanlı məhbus qadın daha bir beynəlxalq mükafata layiq görülüb

Güney azərbaycanlı məhbus qadın daha bir beynəlxalq mükafata layiq görülüb Güney Azərbaycanın Zəncan şəhərindən olan İnsan Haqlarının Müdafiəsi Birliyinin sədr müavini Nərgiz Məhəmmədi Olof Palme mükafatına layiq görülüb.
Region
9 Yanvar , 2023 17:22
Güney azərbaycanlı məhbus qadın daha bir beynəlxalq mükafata layiq görülüb

Güney Azərbaycanın Zəncan şəhərindən olan İnsan Haqlarının Müdafiəsi Birliyinin sədr müavini Nərgiz Məhəmmədi Olof Palme mükafatına layiq görülüb.

“Report” xəbər verir ki, bu barədə “RadioFarda” məlumat yayıb.

Bildirilib ki, yanvarın 9-da Olof Palme Fondu mətbuata açıqlamasında Nərgiz Məhəmmədinin adını İranda qadın hüquqları və özünü ifadə azadlığı uğrunda mübarizə aparan əsas fiqurlardan biri olaraq qeyd edib.

Məlumata görə, Nərgiz Məhəmmədi davam edən insan haqları fəaliyyətinə görə dəfələrlə həbs edilib, mühakimə olunub. Onu sonuncu dəfə 2022-ci il aprelin 23-də təhlükəsizlik qüvvələri şəxsi evinə soxularaq həbs ediblər.

Xanım Məhəmmədi iki ayrı iş üzrə insan haqları sahəsində fəaliyyətinə görə ümumilikdə 10 il 8 ay həbs və 154 şallaq cəzasına məhkum olunub.

"Sərhədsiz Reportyorlar" Təşkilatı isə bəyanatında onu “cəsarət simvolu” adlandırıb.

Sven Olof Yoakim Palme 1937-ci il yanvarın 30-da Stokholmda anadan olub. O, 1982-ci il oktyabrın 8-dən 1986-cı il oktyabrın 28-dək İsveçin Baş naziri olub. 1986-cı il fevralın 28-də həyat yoldaşı ilə birlikdə evinə qayıdarkən küçədə qətlə yetirilib. Mükafatın ümumi dəyəri 100 min dollar ekvivalentindədir.

Nərgiz Məhəmmədi ilə yanaşı, Olof Palme Fonu ukraynalı feminist Marta Çumalı da mükafata layiq görülüb.

Xatırladaq ki, Nərgiz Məhəmmədiyə Parisdə "Sərhədsiz Reportyorlar" Təşkilatının 2022-ci il üzrə “Cəsarət Mükafatı” verilib. Mükafat onun qızına təqdim edilib. O, anasının mükafatlandırma mərasiminə göndərdiyi ismarışı oxuyub: “Bu ismarışı 60-dan çox qadın siyasi məhbusun əhatəsindən yazıram. Ölkəmdə xalq üsyanı baş verir. Hakimiyyətin repressiyası davam edir”.

Tehranda Evin adlı həbsxanada saxlanılan azərbaycanlı siyasi məhbus Nərgiz Məhəmmədi ötən ay BBC tərəfindən dünyanın yüz nüfuzlu və ilhamverici qadınlarından biri seçilib.

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə alınıb, rejim məmurları tərəfindən mütəmadi olaraq təhdid edilərək təzyiqlərə məruz qalıb.

Nərgiz Məhəmmədi 2003-cü ildə Nobel Sülh Mükafatına layiq görülmüş Güney Azərbaycan türkü Şirin İbadinin yaxın silahdaşı sayılır.

Son xəbərlər

Orphus sistemi