Ermənistanda yeni prezident seçilib

Ermənistanda yeni prezident seçilib Serj Sarqisyanı Armeni Sarkisyan əvəz edib
Region
2 Mart , 2018 12:15
Ermənistanda yeni prezident seçilib

Bakı. 2 mart. REPORT.AZ/ Hakim Respublikaçılar Partiyasının namizədi Armen Sarksiyan Ermənistanın yeni prezidenti seçilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, martın 2-də ölkə parlamentində prezident seçkisi üzrə səsvermə keçirilib.  

Müxalifət sayılan “Tsarukyan” fraksiyası hakimiyyətin namizədini dəstəkləyib. Başqa bir müxalif blok “Çıxış”ın isə namizəd irəli sürmək üçün parlamentdə yetərincə deputatı yoxdur.

Səsvermədə parlamentin 105 deputatından 101-i iştirak edib. Onlardan 90-ı Armen Sarksiyanın lehinə, 10-u isə əleyhinə səs verib. 

Qeyd edək ki, A.Sarqsyan 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dlvət Universitetinin Fizika-riyyaziyyat fakültəsini bitirib. O, 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib.

2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir.

65 yaşlı A.Sarqsyanın Türkmənistan və Özbəkistanda biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb. Xaricdəki erməni lobbisinin də onun prezidentliyə namizədliyini dəstəklədiyi bildirilib.

Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” Holdinqin sahibidir. 

Xatırladaq ki, bu ilin aprelində indiki prezident Serj Sarqsyanın səlahiyyət müddəti başa çatır. Apreldən sonra Ermənistan 2015-ci ildə qəbul edilən yeni konstitusiyaya əsasən, parlament idarə etməsinə keçəcək. Ölkənin əsas qanuna görə, prezidentin səlahiyyətləri məhdudlaşdırlacaq, Ermənistanın birinci şəxsi baş nazir olacaq. Bu vəzifəni isə Serj Sarqsyanın tutacağı ehtimal olunur. 

Son xəbərlər

Orphus sistemi