Yunanıstan və Türkiyə Dostluq münasibətləri və mehriban qonşuluğa dair Bəyannamə imzalayacaq.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afinaya səfərindən əvvəl Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, son vaxtlar iki ölkə əməkdaşlığı inkişaf etdirməyə çalışır.
“Bu ortaq niyyət dekabrın 7-də Afinada imzalanacağına ümid etdiyimiz Dostluq münasibətləri və mehriban qonşuluğa dair Bəyannamədə açıq şəkildə ifadə olunacaq”, - Türkiyə Prezidenti bildirib.
Türkiyə lideri məlumat verib ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüş planlaşdırılır.
Ərdoğan əlavə edib ki, onlar həmçinin Egey dənizindəki məsələləri - qeyri-qanuni immiqrasiyaya qarşı birgə mübarizəni müzakirə edəcəklər.
Xatırladaq ki, daha əvvəl iki ölkə arasında 20 sazişin imzalanmasının nəzərdə tutulduğu bildirilirdi.