Ərdoğan Misirin XİN başçısı ilə Qəzzanı müzakirə edib

Ərdoğan Misirin XİN başçısı ilə Qəzzanı müzakirə edib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Misirin xarici işlər naziri Samih Şükrünü qəbul edərək onunla Qəzzadakı vəziyyəti müzakirə edib.
Region
20 Aprel , 2024 19:54
Ərdoğan Misirin XİN başçısı ilə Qəzzanı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Misirin xarici işlər naziri Samih Şükrünü qəbul edərək onunla Qəzzadakı vəziyyəti müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb.

“Görüşdə Türkiyə ilə Misir arasında ikitərəfli əlaqələr, İsrailin Qəzzaya hücumları ilə bağlı proseslər, qlobal və regional məsələlər müzakirə edilib”, – məlumatda diqqətə çatdırılıb.

Ərdoğan “İsrailin Fələstin xalqına qarşı hücumlarının davam etdiyi üçün gərginliyin və münaqişələrin bölgəyə sıçrama riskinin olduğunu” bildirib.

Türkiyə liderinin sözlərinə görə, “regionun münaqişə spiralına düşməsini qabaqlamaq üçün İsrail – İran gərginliyinin azaldılmasının vacibdir”. Onun fikrincə, bunun üçün “islam ölkələri birgə fəaliyyət göstərməlidirlər”.

Dövlət başçısı həmçinin Qəzzada atəşkəsin bərqərar olmasının və sözügedən bölgəyə humanitar yardımların fasiləsiz daşınmasının vacibliyini vurğulayıb.

Kommunikasiya idarəsi qeyd edib ki, Türkiyə Prezidentini xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəisi İbrahim Kalın, Kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri səfir Akif Çağatay Kılıç və prezidentin baş müşaviri Sefer Turan müşayiət edib.

Qeyd edək ki, tərəflər arasında görüş Dolmabağça İş Ofisində baş tutub.

Son xəbərlər

Orphus sistemi