“Gürcüstanın “3+3” əməkdaşlıq platforması ilə bağlı mövqeyini dəyişəcəyinə inanmıram”.
Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (Rondeli Fondu) prezidenti Ekaterine Metreveli deyib.
Onun sözlərinə görə, Gürcüstanın Xarici İşlər Nazirliyi və yerli ekspert cəmiyyətində formatla bağlı açıq mövqe var və bu mövqe ondan ibarətdir ki, Gürcüstan ərazisinin 20 faizini işğalda saxlayan Rusiya ilə eyni formatda təmsil oluna bilməz.
Qeyd ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu altı ölkədən ibarət əməkdaşlıq platformasının yaradılması ideyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb. Platforma, ilk növbədə, özündə region ölkələri arasındakı nəqliyyat-kommunikasiya xətlərinin açılması və gələcək əməkdaşlıqlar üçün zəmin yaratmağı ehtiva edir.
Rəsmi Tbilisi Gürcüstanın Rusiya ilə birgə “3+3” formatında təmsilçiliyini qəbuledilməz hesab edir.