Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanda STEAM (Science, Technology, Engineering, Art & Math) layihəsinin tətbiqini planlaşdırır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev azərbaycanlı icmanın üzvləri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, bu məsələ təhsil naziri Emin Əmrullayevin bu ilin fevralında Gürcüstana rəsmi səfəri çərçivəsində müzakirə olunub.
Səfir deyib ki, layihənin qısa zaman ərzində həyata keçirilməsi nəzərdə tutulub: “STEAM layihəsinin tətbiqi üçün soydaşlarımızın yığcam yaşadığı Marneuli rayonu seçilib. Əsas məqsəd Gürcüstanın azərbaycanlı gənclərində müasir bacarıqları formalaşdırmaqdan ibarətdir”.
Qeyd edək ki, STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Azərbaycanda qabaqcıl tədris modeli Birinci Vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə 2019-cu ildən tətbiq edilir. 2021-ci ildə “STEAM” 302 ümumtəhsil məktəb və 10 STEAM Mərkəzini əhatə edib.