Ərdoğan Blinkeni qəbul edib, Qəzzadakı durum, F-16-ların satışı müzakirə olunub - YENİLƏNİB-4

Ərdoğan Blinkeni qəbul edib, Qəzzadakı durum, F-16-ların satışı müzakirə olunub - YENİLƏNİB-4 Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinkenin müzakirə etdikləri məsələlər açıqlanıb.
Region
6 Yanvar , 2024 21:58
Ərdoğan Blinkeni qəbul edib, Qəzzadakı durum, F-16-ların satışı müzakirə olunub - YENİLƏNİB-4

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə müzakirə olunan məsələlər açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.

Təxminən 1,5 saat davam edən görüşdə Qəzzadakı vəziyyət, İsveçin NATO-ya üzvlük prosesi və F-16-ların satışı müzakirə edilib.

“Dövlət katibi münaqişənin genişlənməsinin qarşısının alınmasının, girovların azad olunmasının, humanitar yardımın genişləndirilməsinin və mülki əhali arasında itkilərin azaldılmasının, eləcə də regionda möhkəm və davamlı sülhün əldə edilməsi istiqamətində işlərin görülməsinin vacibliyini vurğulayıb. Buraya İsrailin təhlükəsizliyi və Fələstin dövlətinin yaradılması daxildir”, - Miller bəyanatda qeyd edib.

A.Blinken isə sosial media hesabında bildirib ki, Ərdoğanla Ukraynadakı münaqişə də daxil olmaqla, Avropa təhlükəsizliyi məsələlərini, həmçinin İsveçin NATO-ya üzvlüyünün başa çatması və Vaşinqtonla Ankara arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsini müzakirə ediblər.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qəzzadakı münaqişəni, NATO müttəfiqləri kimi ümumi təhlükəsizlik prioritetlərini və ikitərəfli ticarət və investisiyalarımızı genişləndirmək istəyimizi müzakirə etdik", - Blinken qeyd edib.

15:36

Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinkenin müzakirə etdikləri məsələlər açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli və regional məsələlər barədə danışıblar. H.Fidan və A.Blinken həmçinin Qəzzadakı son durum, İsveçin NATO-ya üzvlüyü haqqında fikir mübadiləsi aparıblar.

15:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Görüş İstanbuldakı Vahdettin iqamətgahında keçirilib.

R.T.Ərdoğanla A.Blinkenin görüşündə, həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın və ABŞ-nin Ankaradakı səfiri Cefri Fleyk də iştirak ediblər.

15:11

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında görüş başa çatıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Tərəflərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

13:41

İstanbulun Vahdettin iqamətgahında Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

A.Blinken Yaxın Şərq ölkələrinə səfərə çıxıb. Onun ilk dayanacağı Türkiyədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ diplomatiyasının rəhbərini qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, dövlət katibi və onu müşayiət edən heyət Qəzzadakı vəziyyəti müzakirə etmək üçün bölgədə səfərdədir.

O, Türkiyədən sonra Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə səfər edərək danışıqlar aparacaq.

Son xəbərlər

Orphus sistemi