“Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan Qırğızıstan vətəndaşları Bişkəkə gətirilib.
“Report” xəbər verir ki, bu barədə Mərkəzi Asiya ölkəsinin Fövqəladə Hallar Nazirliyinin
“Qazaxıstanın Aktau şəhərində baş vermiş aviaqəzada xəsarət alan 3 Qırğızıstan vətəndaşının olduğu təyyarə dekabrın 30-na keçən gecə saat 02:52-də Bişkəkdəki Manas Beynəlxalq Aeroportuna insidentsiz enib”, – feysbukda dərc olunmuş məlumatda qeyd olunub.
Bildirilib ki, sözügedən şəxslər hava limanından təcili tibbi yardım maşını ilə Milli Xəstəxanaya aparılıblar.
“Hazırda həkimlərin nəzarəti altındadırlar”, – mətbuat xidməti vurğulayıb.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları”na məxsus Bakı – Qroznı aviareysini həyata keçirən “Embraer 190” təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Təyyarənin Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” HHM sistemi tərəfindən hücuma məruz qaldığı ehtimal edilir. Hava gəmisinin qara qutularının Braziliyada oxunması qərara alınıb.
Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Rusiyanın hava məkanında baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə etmişdi. Növbəti gün Azərbaycan lideri Moskvanı “öz günahını etiraf etməyə” çağırmışdı.