“Seçici fəallığı demokratiyanın əsas təzahürlərindən biridir”.
“Report” xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş “CNN Türk”ün efirində deyib.
Onun sözlərinə görə, Türkiyədə seçici fəallığı 80 faizdən çox idi: "Bu da kifayət qədər yüksək göstəricidir. Seçici fəallığının aşağı olmasına dair iddialar əsassızdır".
Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.
İlk turda R.T.Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.
Parlament seçkilərində isə AK Parti qalib gəlib. Hakim partiya Türkiyə Böyük Millət Məclisindəki 600 deputat yerindən 266-nı qazanıb.
İkinci yeri tutan müxalif Cümhuriyyət Xalq Partiyası 28-ci çağırış qanunverici orqanda 168 millət vəkili ilə təmsil olunacaq.
Yaşıl Sol Partiyası 62, Milliyyətçi Hərəkat Partiyası (MHP) 51, İYİ Parti 44, Yenidən Rifah Partiyası 5, Türkiyə İşçi Partiyası (TİP) 4 deputat yeri əldə edib.