Bakı. 10 oktyabr. REPORT.AZ/ Əgər Səudiyyə Ərəbistanı istəyərsə, Camal Qaşıqçının itkin düşməsi məsələsi ilə bağlı İstanbula Federal Təhqiqatlar Bürosundan (FTB) bir heyət göndərə bilərik.
“Report” “Thmhaber”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosundan məlumat verilib.
Qeyd edək ki, oktyabrın 2-də “Vaşinqton post” qəzetinin müxbiri Camal Qaşıqçı Krallığın İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.
Bununla bağlı Səudiyyə Ərəbistanının Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb, diplomatdan konsulluqda axtarış aparılmasına icazə verilməsi tələb olunub. Dünən Səudiyyə Ərəbistanı tərəfi türkiyəli müstəntiqlərə Krallığın İstanbuldakı Baş Konsulluğunun binasında axtarış aparmağa icazə verib.
Bununla yanaşı, Türkiyə KİV-də Camal Qaşıqçının İstanbulda Səudiyyə Ərəbistanının Baş Konsulluğunun binasına gəldiyini və içəri daxil olduğunu göstərən kadrlar yayılıb.