Dekabrın 15-dən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və Daxili İşlər Nazirliyi, Daxili Qoşunlarının mütəxəssisləri ilə birlikdə işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonları ərazisində kənd təsərrüfatı üçün nəzərdə tutulmuş əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənilməsi əməliyyatlarına başlanılıb.
Bu barədə “Report”a ANAMA-dan bildirilib.
Qeyd edilir ki, 15-21 dekabr tarixlərində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 684 000 kv.m (68,4 ha) ərazi yoxlanılıb, 23 ədəd partlamamış hərbi sursat (PHS) və 42 ədəd 5.45 mm-lik patronlar aşkar edilərək götürülüb.
Zəngilan rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 349 000 kv.m (34,9 ha), Qubadlı rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı isə 335 000 kv.m (33,5 ha) yoxlanılıb.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.