Zamir İsayev: "Azərbaycan xalqının faciəsi Azərbaycan yəhudilərinin də faciəsidir"

Zamir İsayev: "Azərbaycan xalqının faciəsi Azərbaycan yəhudilərinin də faciəsidir" "Bu, əvvəlcədən hazırlanmış plandır"
Qarabağ
26 Fevral , 2021 15:30
Zamir İsayev: Azərbaycan xalqının faciəsi Azərbaycan yəhudilərinin də faciəsidir
Zamir İsayev

“Purim yəhudilərin tarixində ən mühüm günlərdəndir. Həmin gün yəhudilər 2 500 il bundan əvvəl möcüzə nəticəsində ölümdən xilas olublar. Bu il Purim azərbaycanlıların Xocalı soyqırımının ildönümü ilə üst-üstə düşdü”.

“Report” xəbər verir ki, bunu Bakı şəhəri 46 nömrəli yəhudi məktəbinin direktoru, “Va ad le-Atzala” təşkilatının Azərbaycan bölməsinin sədr müavini rəbbi Zamir İsayev STMEGI-yə müsahibəsində bildirib.

Yəhudi ruhanisi Xocalıda 1992-ci ilin 26 fevral tarixində günahsiz dinc sakinlərin erməni cəlladları tərəfindən qətlə yetirdiklərini dilə gətirib:

“613 nəfər günahsız uşaqların, qadınların, yaşlıların, əliyalın kişilərin amansız şəkildə qətlə yetirilməsi hər hansı hərbi zərurətlə bağlı deyildir, əlbəttə. Bu, əvvəlcədən hazırlanmış plandır. Xocalı sakinlərinin öldürülməsi planının yerinə yetirilməsi əvvəla, ermənilərin azərbaycanlılara qarşı milli ədavətindən irəli gəlib. İkincisi, əliyalın azərbaycanlıları, işğal olunacaq ərazilərin mülki əhalisinin gözünü qorxudub doğma yerləri tərk etməyə vadar etmək məqsədi qarşıya qoyulmuşdu. Bununla erməni quldur birləşmələri daha geniş əraziləri zəbt etmək işini asanlaşdırmaq istəyirdilər. Bununla yanaşı, dünya erməni icmasının “dənizdən dənizə böyük Ermənistan” yaratmaq məqsədilə Qafqaz xalqlarına qarşı etnik təmizləmələri aparmaqla bağlı köhnə arzuları həyata keçirildi. Amma zaman göstərdi ki, bunlar erməni siyasətçilərinin xam xülyasından başqa bir şey deyil”.

Rəbbi qeyd edib ki, Azərbaycan yəhudiləri də ölkənin başqa milli azlıqları kimi Azərbaycan Respublikasının vətəndaşlarıdır:

“Azərbaycan xalqının faciəsi Azərbaycan yəhudilərinin də faciəsidir. Odur ki, bu il də Azərbaycan xalqı ilə həmrəyik. Ölkə ərazisində hər hansı əyləncə tədbirləri keçirilməyəcək. Hər bir yəhudi Purim bayramının dörd hökmünü yerinə yetirəcək, vəssəlam. Həmçinin torpaqlarımızı erməni işğalından azad etmək üçün aparılmış 44 günlük müharibə zamanı da xeyli sayda hərbçi şəhid olub. Bu, bizim də ağrı-acımızdır. Qeyd etdiyim iki amilə görə Purim bayramı ilə bağlı əyləncəli mərasimlər keçirilməyəcək”, - deyə Z.İsayev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi