“Təəssüf ki, biz sülhməramlıların öz fəaliyyəti ilə məşğul olmaq əvəzinə, oyuncaq rejimin maraqlarına xidmət etdiklərini görürük”.
Bunu “Report”a açıqlamasında Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunun bir hissəsində Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyasına qoşulan yazıçı Qan Turalı (Cəfərov) deyib.
10 noyabr bəyanatı imzalanan zaman rus sülhməramlılarının mandatının müəyyən olunmadığını deyən yazıçı bildirib ki, onlar bu gün də öz səlahiyyətlərindən süni şəkildə istifadə edirlər.
Onun sözlərinə görə, hazırda burada defakto anarxik rejim var və sülhməramlılar həmin rejimin əlaltısına çevriliblər:
“Azərbaycan əraziləri olmasına baxmayaraq sözügedən yerlərdə Azərbaycan Republikasının yuridisdikası işləyə bilmir. Bu da rus sülhməramlılarının yarıtmazlığından irəli gəlir. Biz də aktivistlər olaraq baş verən hadisələrə etiraz edir və hesab edirik ki, sülhməramlıların fəaliyyəti beynəlxalq konvensiyalara uyğun təşkil olunmalı, qeyd edilən bölgədə Azərbaycan dövlətinin və xalqının maraqları təmin olunmalıdır”.
“Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi Qarabağda yaşayan ermənilər Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşlarıdır. Biz onlarla dialoqa girib birgə yaşayışın ən uyğun formalarını tapmalıyıq. Fikrimcə, hər iki tərəfdə bununla bağlı istək və əzm var. Ancaq tərəflər arasında girən üçüncü qüvvələr dialoqun yaranmasına imkan vermirlər” - yazıçı xatırladıb.
Qan Turalı vurğulayıb ki, onlar sülhməramlı kontingentin rəhbəri Andrey Volkovu öz mandatına uyğun şəkildə hərəkət etməyə çağırırlar:
“Sülhməramlılar burada hansısa oyuncaq, separatçı rejimin əsgəri olmamalıdır”.