XTQ şəhidinin atası: "Oğlum erməni mayorunu snayperlə vurub"

XTQ şəhidinin atası: "Oğlum erməni mayorunu snayperlə vurub" Biləsuvar rayonunda Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanı Nihad Babayevin və Vətən müharibəsi şəhidi Orxan Mirzəyevin anım mərasimi keçirilib.
Qarabağ
3 Noyabr , 2021 12:42
XTQ şəhidinin atası: Oğlum erməni mayorunu snayperlə vurub

Biləsuvar rayonunda Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanı Nihad Babayevin və Vətən müharibəsi şəhidi Orxan Mirzəyevin anım mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidlərin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.

Mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yollarından söz açılıb və bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaq.

Şəhid N.Babayevin atası Akif Babayev deyib ki, oğlu kəşfiyyatçı kimi xidmətləri çox olsa da, ilk geniş hərbi əməliyyatı 2018-ci ildə Naxçıvanda “Günnüt əməliyyatı”nda olub. Bu əməliyyat nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazini işğaldan azad etdiyini xatırladan şəhid atası oğlunun həmin döyüşlərdə də göstərdiyi şücaətindən danışıb: “Özü sonralar danışırdı, deyirdi ata, üç gün eyni mövqedə uzanıb gözlədim. Erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurdum”.

Atası deyib ki, Vətən müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib. Lakin Nihad Babayev hərbi komandanlığa raportla müraciət edərək Qarabağda döyüşlərə qatılması üçün xahiş edib. Bundan sonra oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə Nihad Babayevin də adı salınıb. Kapitan Babayev Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə iştirak edərək qruplara komandanlıq edib. Bu döyüşlərdə həm avtomat, həm də zirehli texnika əleyhinə olan “RPG 7” ilə təchiz olunub.

Tədbir zamanı qəhrəman şəhidlərimizin yaşadıqları evlərə vurulan xatirə lövhələrinin açılışı olub.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Nihad Akif oğlu Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. O, 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib.

O, peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilirdi.

N.Babayev oktyabrın 29-də Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamına əsasən Nihad Babayevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Həmçinin o, dövlət başçısının sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Vətən müharibəsi şəhidi Mirzəyev Orxan Əli oğlu 12 iyul 2001-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Aşağı Cürəli kənd tam orta məktəbində orta təhsilini alıb.

Orxan Mirzəyev Vətən müharibəsi zamanı Laçın rayonu istiqamətində gedən döyüşlərdə şücaət göstərib və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.

O, noyabrın 2-də Biləsuvar rayonu Aşağı Cürəli kənd qəbiristanlığında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamları ilə Orxan Mirzəyev ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi