​Xorvatiya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir

​Xorvatiya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir E.Məmmədyarov Xorvatiyanın xarici və Avropa işləri naziri ilə görüşüb
Qarabağ
8 İyul , 2015 21:12
​Xorvatiya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir

Bakı. 8 İyul. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 7-8 iyul 2015-ci il tarixində Xorvatiyaya rəsmi səfəri çərçivəsində Xorvatiyanın xarici və Avropa işləri naziri xanım Vesna Pusiç ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Vesna Pusiç Xorvatiya ilə Azərbaycanın strateji tərəfdaş ölkələr olduğunu və iki ölkə arasında siyasi, iqtisadi və enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. O, Xorvatiyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edib.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsi ilə bağlı Xorvatiyanın tutduğu prinsipial və dəyişməz mövqeyinin və bu xüsusda Xorvatiyanın beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

İqtisadi və enerji sahəsində əməkdaşlığın təşviq edilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında birgə iqtisadi əməkdaşlıq üzrə komissiyanın ilk iclasının tezliklə keçirilməsinin vacibliyi vurğulayıb.

Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və Azərbaycanın enerji resurslarının bölgəyə nəqli, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi