Xocalılı uşaqları Türkiyəyə aparan məşhur siyasətçi “Report”a danışıb: “Onlardan birini övladlığa götürdüm”

Xocalılı uşaqları Türkiyəyə aparan məşhur siyasətçi “Report”a danışıb: “Onlardan birini övladlığa götürdüm” “Ermənilər Xocalı soyqırımını törədəndən təxminən 10 gün sonra azərbaycanlı rəssam Rafiq Əzizin köməkliyi ilə həmin rayonun 30-a yaxın olan uşaq sosial-psixoloji reablitasiya üçün Türkiyəyə gətirildi”.
Qarabağ
25 Fevral , 2023 09:51
Xocalılı uşaqları Türkiyəyə aparan məşhur siyasətçi “Report”a danışıb: “Onlardan birini övladlığa götürdüm”

“Ermənilər Xocalı soyqırımını törədəndən təxminən 10 gün sonra azərbaycanlı rəssam Rafiq Əzizin köməkliyi ilə həmin rayonun 30-a yaxın olan uşaq sosial-psixoloji reablitasiya üçün Türkiyəyə gətirildi”.

Bunu “Report”a açıqlamasında İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri, "İstək" Vəqfinin rəhbəri, Yedditəpə Universitetinin qurucusu, məşhur siyasətçi Bədrəddin Dalan söyləyib.

O bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı belə bir dəhşətli soyqırımının törədildiyini faciədən bir neçə gün sonra Türkiyə telekanallarından öyrənib və soyqırımı qurbanlarına dəstək olmaq barədə qərar verib. Beləliklə, bir müddət həmin uşaqlara Türkiyədə psixoloji yardım göstərilib. Reablitasiya müddəti bitdikdən sonra Rafiq Əziz uşaqlarla birgə Azərbaycana qayıdarkən Bədrəddin Dalan ondan himayə etməsi üçün erməni quldurlarının öz doğma yurd-yuvasından didərgin saldığı azərbaycanlı uşaqlardan 10 nəfər azyaşlını Türkiyəyə gətirməsini istəyib. Bundan sonra R. Əziz Azərbaycana qayıdıb, bir neçəsi xocalılı olmaqla 10 nəfər Qarabağlı uşağı Türkiyəyə gətirib. O, Türkiyədə azərbaycanlı uşaqların bütün təhsil haqlarını, yaşam xərclərini ödəyərək onlara kömək edib.

Faciə qurbanlarının ağrılı taleyindən danışan B.Dalan Türkiyəyə aparılan xocalılı uşaqlardan birinin başına gələn hadisədən ürəkağrısı ilə bəhs edib:

“Uşaqlardan biri olduqca böyük bir travma almışdı. Ermənilər həmin uşağın atasını övladının gözünün qarşısında vəhşicəsinə öldürmüşdü. Atası qətlə yetirildikdən sonra uşağın dili tutulmuşdu, Türkiyəyə gətirildiyində danışa bilmirdi. Biz bir ilə yaxın həmin uşağın danışması üçün çalışdıq. O uşaq üçün xüsusi həkimlər, psixoloqlar təyin edildi. Nəhayət, bir illik çətin müalicə dövrü keçdikdən sonra uşağın dili açıldı. Sözügedən uşaq danışmağa başladıqdan sonra məktəbə getdi, universitetə qəbul oldu. Hətta magistratura və doktorantura təhsili də aldı. Hazırda evlidir, övladı da var. Amma uşaqlıqda yaşadığı faciələrə və travmalara görə, başında ağrılar hələ də qalmaqdadır. O, yenidən danışmağa başlasa da, təəssüf ki, başındakı ağrıların çarəsi tapılmadı”.

B.Dalan bildirib ki, Xocalıdan Türkiyəyə aparılan uşaqlarla indi də əlaqə saxlayır:

“Uşaqlardan bəziləri böyüdükdən sonra yenidən Azərbaycana qayıtdılar, bəziləri isə Türkiyədə yaşayırlar. Himayə etdiyim bütün uşaqlardan xəbərdaram. Hətta, onlardan biri mənim qızımdır və yanımda qalır. Mən gətirilən hər bir uşağın mənəvi atasıyam. Onları öz övladım kimi böyütmüşəm. Çox şükür indi hamısı iş-güc sahibidir. Azərbaycanlı uşaqlar bizim öz övladlarımızdır, onları Türkiyəyə gətirəndə də yalnız bunu düşünürdük. Çünki biz bir millətik, hamımız türkük. Bu illər ərzində hər bir uşağa canımızdan bir parça kimi baxdıq”.

Son xəbərlər

Orphus sistemi