Xocalı soyqırımının gürcüstanlı şahidi: “Xocalıların vəziyyəti gözümün önündən getmir”

Xocalı soyqırımının gürcüstanlı şahidi: “Xocalıların vəziyyəti gözümün önündən getmir” "Mən də onlara qoşuldum"
Qarabağ
26 Fevral , 2021 16:32
Xocalı soyqırımının gürcüstanlı şahidi: “Xocalıların vəziyyəti gözümün önündən getmir”

“Xocalıdan qaçıb canlarını birtəhər qurtaran insanların görkəmi bu günə qədər gözümün önündən getmir”.

Bu sözləri “Report”un yerli bürosuna müsahibəsində Gürcüstanın Marneuli rayonunun sakini, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ağdamda qonaq olan 70 yaşlı Aqnet Çıldırlı deyib.

Ağsaqqal 29 il bundan öncə şahidlik etdiyi hadisələri gözüyaşlı və həyacanla xatırlayır: “Fevralın 26-da səhərə yaxın qonaq qaldığım ailənin evinə Xocalıdan olan qohumları gəldilər. Onlar Xocalının yerlə yeksan edildiyini, sakinlərinin isə qırğına məruz qaldığını dedilər. Ağdamlıların hamısı köməyə qaçdılar. Mən də onlara qoşuldum”.

A.Çıldırlının sözlərinə görə, Xocalıdan piyada gələnlərin hamısı başıaçıq, ayaqyaqlın, əlləri və ayaqları donmuş halda idi: “Onlar halsızlıqdan nə yeriyə, nə də danışa bilirdilər. Ağdama pənah gətirən xocalılardan biri erməni silahlılarından necə gizləndiyini danışdı. O dedi ki, körpünün altında gizlənəndə yaxınlıqdan keçən tankın üstündə olan hərbçilər bir-biriləri ilə rusca danışırdılar”.

Xocalı şahidi yaralıların maşınlarla çatdırıldığı Ağdam xəstəxanasındakı ağır vəziyyəti də təsvir edib: “Xəstəxana yaralı qadın, uşaq və yaşlı insanlarla dolu idi. Hətta dəhlizlərdə xəstə əlindən tərpənmək olmurdu. Həkimlər də çatdırmırdı. Tibbi yardım göstərmək üçün həkim olmayan insanları da köməyə çağırırdılar”.

Onun sözlərinə görə, Xocalıdan sonradan gətirilən meyitlər tanınmaz halda idilər, birinin bir gözü, digərinin üzünün yarısı yox idi.

Şahid həyat yoldaşının qohumlarından bir neçə nəfərin Xocalıda həlak olduğunu qeyd edib: “Qohumlarımız arasında elə ailə var ki, beş üzvü həmin qanlı gecədə qətlə yetirilib, əsir düşənlər də olub”.

E.Çıldırlı deyib ki, Xocalı qırğını xüsusi amansızlıq və qəddarlıqla törədilib: “Bu qətliam insanlığa sığmayan vəhşilik və terror aktıdır. Soyqırımdan 29 il ötsə də, o dəhşətli günün ağrı-acısı heç vaxt unudulmur”.

 Aqnet Çıldırlı
Aqnet Çıldırlı

Son xəbərlər

Orphus sistemi