Ukraynalı ekspert: “Qarabağda mina təhlükəsi uzun illər davam edəcək”

Ukraynalı ekspert: “Qarabağda mina təhlükəsi uzun illər davam edəcək” “Mina təhlükəsi Qarabağın azad edilməsindən, yəni müharibənin başa çatmasından təxminən üç il sonra da aktual problem olaraq qalır və bu təhdid uzun illər davam edəcək”.
Qarabağ
5 Aprel , 2023 16:27
Ukraynalı ekspert: “Qarabağda mina təhlükəsi uzun illər davam edəcək”

“Mina təhlükəsi Qarabağın azad edilməsindən, yəni müharibənin başa çatmasından təxminən üç il sonra da aktual problem olaraq qalır və bu təhdid uzun illər davam edəcək”.

“Report” xəbər verir ki, bunu ukraynalı politoloq Aleksiy Buryaçenko deyib.

O vurğulayıb ki, ekspertlərin fikrincə, keçmiş məcburi köçkünlərin tarixi torpaqlarına qayıtması təxminən 10 il çəkə bilər.

“Aktiv döyüşlər dövründən qalan müxtəlif növ minalar və sursatlar sözün əsl mənasında hər yerdədir. Azərbaycan isə azad edilmiş əraziləri müharibənin təhlükəli qalıqlarından təmizləmək üçün böyük maliyyə vəsaiti xərcləyir və ciddi səy göstərir. Amma bu, çox mürəkkəb və zəhmət tələb edən prosesdir. Demək, bu proses üçün xeyli vaxt lazımdır”.

Onun sözlərinə görə, hazırda dünya ictimaiyyətinin ciddi şəkildə müdaxiləsinə ehtiyac duyulan məsələ var:

“Söhbət ərazilərin minalardan təmizlənməsində Azərbaycana yardım göstərmək məqsədilə Ermənistanı mina xəritələrini verməyə məcbur etməkdən gedir”.

“Ukraynalılar düşmən tərəfindən işğal olunmuş ərazinin hansı vəziyyətə düşməsini və hətta işğaldan azad edildikdən sonra belə onun nə qədər təhlükəli olduğunu yaxşı bilirlər. Axı, Ukraynadakı Rusiya qoşunları heç nədən çəkinmirlər. Onlar mülki əhaliyə maksimum zərər vurmaq məqsədilə oyuncaqları, məktəbləri, bağçaları, elektrik cihazları və s. minalayırlar”, - A. Buryaçenko əlavə edib.

Ekspert xatırladıb ki, hələ Ukraynada müharibə başlamamışdan qabaq, yəni 2021-ci ildə Ukraynanın müdafiə naziri Aleksiy Reznikovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana dəstək məqsədilə işğaldan azad edilmiş ərazilərə, xüsusən də Ağdam şəhərinə səfər edib:

“Bu səfərin məqsədi həm də minatəmizləmə sahəsində Azərbaycanın uğurlu təcrübəsini öyrənmək olub. Vurğulamaq istəyirəm ki, mülki şəxslərin həyatını xilas etmək təkcə Azərbaycanın işi deyil və bu ölkə öz problemləri ilə baş-başa qalmamalıdır, çünki bu, ədalət məsələsidir”.

Politoloq sonda deyib ki, Ukrayna dövləti və ukraynalılar Azərbaycan xalqının humanitar yardımını hər zaman xatırlayır:

“Odur ki, onlar Azərbaycanın azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı istənilən təşəbbüsünü və regionda davamlı sülhə nail olmaq istəyini dəstəkləyəcəklər”.

Son xəbərlər

Orphus sistemi