2017-ci ildə düşmən snayperi tərəfindən ağır yaralanır, lakin yenidən xidmətə qayıdır. Komandiri olmuş Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun intiqamını almaq üçün isə Vətən müharibəsinə könüllü gedir. Söhbət Polad Həşimovun əsgəri olmuş şəhid Pərviz Ələsgərovdan gedir.
“Report”un Qərb mərkəzinin əməkdaşı Daşkəsən rayon sakini, 36 yaşlı Pərviz Lətif oğlu Ələsgərovun ailəsi ilə həmsöhbət olub, Milli Qəhrəman Polad Həşimovun sevimli əsgərlərindən olan və onun şəhid xəbərini eşitdikdən sonra yaralı halda olsa belə ürəyi intiqam alovu ilə yanan Pərviz haqqında yaxınlarının fikrini öyrənib.
“N” saylı hərbi hissədə kəşfiyyatçı olan P.Ələsgərov bir müddət xidmət etdiyi hərbi hissənin komandiri, şəhid general-mayor Polad Həşimovun sevilən əsgərlərindən biri olub.
P.Ələsgərov 2017-ci ildə düşmənlə üz-üzə olan postda erməni snayperi tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb. Güllə onun ürəyinə yaxın yerə dəyib və yaralı halda 15 saat yüksək dağlıq ərazidən düşürülərək hospitala aparılıb və əməliyyat edilib. Yaralandığı üçün təxris olunma imkanı olsa da bundan imtina edir və yenidən hərbi xidmətə geri qayıdır, vətənə, xalqına olan sevgisini öz xidməti ilə davam etdirir.
Yaxınları onun Vətənə, bayrağa olan sevgisini və intiqam eşqini bir an belə dilindən düşünmədiyini bildirir. Bu intiqam hissi komandiri olmuş Polad Həşimovun Tovuz döyüşlərində şəhid olduğu anda daha da artır və öz istəyi ilə Tovuz istiqamətində gedən döyüşlərdə iştirak edir.Nəhayət Vətən müharibəsi başlayanda, sentyabrın 27-də elə öz ad günündə müharibəyə gedir.
Oktyabrın 1-də ailəsi ilə sonuncu dəfə danışır və bir gün sonra düşmən mövqeyinə 60 metr qalmış ərazidə şəhid olur. Bu səfər düşmən snayperi onu öncə ayağından, sonra isə baş nahiyəsindən vurur.
Onun nəşi 52 gün sonra ailəsinə təhvil verilib. Şəhid Daşkəsən rayon Şəhidlər Xiyabanında dəfn olunub. P. Ələsgərovun 13 və 11 yaşında oğulları ondan uğrunda canından keçdiyi Vətənə əmanət qalıb.
Allah rəhmət eləsin!