Türkiyə XİN: Ermənistanın xain hücumunu şiddətlə qınayırıq

Türkiyə XİN: Ermənistanın xain hücumunu şiddətlə qınayırıq “Bütün Azərbaycan xalqına başsağlığı, atəş nəticəsində yaralanmış azərbaycanlıya şəfalar diləyirik”
Qarabağ
5 İyul , 2017 13:28
Türkiyə XİN: Ermənistanın xain hücumunu şiddətlə qınayırıq

Bakı. 5 iyul. REPORT.AZ/ Türkiyənin Xarici İşlər Nazirliyi iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində iki nəfərin həlak olması, bir nəfərin yaralanması hadisəsi ilə bağlı bəyanat yayıb.

“Report”un xəbərinə görə, bəyanatda deyiir:

“Ermənistanın törətdiyi bu hadisəni şiddətlə qınayırıq. Bu xain hücumda həyatlarını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı, atəş nəticəsində yaralanmış azərbaycanlıya şəfalar diləyirik”.

“Bu mənfur hadisə, Azərbaycan torpaqlarının beşdə birini işğal altında saxlayan Ermənistanın sərhəd bölgələrində ağır silahlarla təxribat törətməsi beynəlxalq hüquqa və insanı dəyərlərə ziddir. Bu, özünü xüsusi ilə qadın və uşaqları hədəfə almaqla aşkarcasına göstərib. Ermənistan qəsdən sistemli şəkildə belə bir siyasət yürüdərək, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə böyük maneə yaradır. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir. Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status kvonun dəyişdirilməsini tələb etməlidirlər. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun üzvü olaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli, davamlı həll olunması istiqamətində səyləri dəstələyəcək”, - deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb. Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Son xəbərlər

Orphus sistemi