Tofiq Zülfüqarov: "Ermənilər Kəlbəcərdə Azərbaycanın hərbi imkanlarını sınamaq istəyirdilər, yaxşı dərs verdik"

Tofiq Zülfüqarov: "Ermənilər Kəlbəcərdə Azərbaycanın hərbi imkanlarını sınamaq istəyirdilər, yaxşı dərs verdik" "Ermənilər Kəlbəcərdə Azərbaycanın hərbi imkanlarını sınamaq istəyirdilər, yaxşı dərs verdik"
Qarabağ
12 Yanvar , 2022 14:24
Tofiq Zülfüqarov: Ermənilər Kəlbəcərdə Azərbaycanın hərbi imkanlarını sınamaq istəyirdilər, yaxşı dərs verdik
Tofiq Zülfüqarov

Ermənistan yanvarın 11-12-də Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində növbəti təxribatlar törədib. Nəticədə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid olub. Ordumuz adekvat cavab tədbirləri görüb və düşmən ciddi itki verib. Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimə keçib.

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov son hadisələrlə bağlı “Report”un suallarını cavablandırıb.

- Sərhəddə təxribat gözlənilən idi?

- Ümumiyyətlə, sabotaj ehtimalını heç vaxt tamamilə istisna etmək olmaz. Erməni təxribatları həmişə gözlənilir. Odur ki, Azərbaycan Silahlı Qüvvələri də daim ayıq-sayıq vəziyyətdədir. Xüsusilə Ermənistanda müxtəlif güc mərkəzlərinin olduğunu nəzərə almaq lazımdır. Yəni təkcə iqtidarın deyil, müxalifətin, o cümlədən keçmiş Qarabağ klanının əli ilə təxribatların törədilməsi mümkündür. Fikrimcə, hazırkı təxribatı məhz erməni müxalifətinin idarəetməsi daha ağlabatandır. Hərbçimizin snayper atəşi nəticəsində həlak olması da onu deməyə əsas verir ki, bu, planlaşdırılmış təxribat idi.

- Ermənistan son zamanlar təxribatı əsasən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədir. Niyə məhz Kəlbəcər?

- Zənnimcə, ərazinin seçilməsi də təsadüfi deyil. Doğrudur, indi orda hava çox soyuqdur. Ancaq hazırda Kəlbəcər kommunikasiya baxımından bizim üçün o qədər də əlverişli hesab olunmur. Əvvəlki dövrlərdə, o cümlədən sovet hakimiyyəti illərində istifadə olunan yollar indi sülhməramlıların nəzarət altındadır. Bəlkə də, orda təxribat törətmək Azərbaycanın hərbi imkanlarını sınaqdan keçirməyə hesablanmışdı. Göründüyü kimi, biz də düşməni ciddi itkilərə məruz qoyduq. Bu, ermənilərə yaxşı dərs olacaq.

- Qazaxıstandakı hadisələrlə bağlı olaraq KTMT-nin, o cümlədən Ermənistanın fəallaşması düşməni sözügedən təxribata stimullaşdıra bilərmi?

- Bu da əsas ehtimallardan biridir. Rəsmi İrəvan həmişə sərhəddə müşahidəçi qismində üçüncü tərəflərin cəlb olunmasına çalışıb. Ola bilsin yenidən bu fikrə düşüb və KTMT qoşunlarının sərhədə yerləşdirilməsini istəyir. Əvvəllər də dəfələrlə analoji cəhdlərin şahidi olmuşuq.

- Rusiya və ABŞ arasında sonuncu danışıqlar nəticəsiz bitdi. Həmçinin Ermənistanın sərhəddə törətdiyi təxribatdan dərhal sonra rəsmi Bakının ilk təması ABŞ-la oldu. Ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub. Təxribatların həmin güc mərkəzlərinin birindən idarə olunması ehtimalını necə qiymətləndirirsiniz?

- Bu, o qədər inandırıcı görünmür. Çünki təxribatın həcmi həmin böyük qüvvələrə uyğun deyil. Dediyiniz kimi olsa, daha ciddi hadisələrin şahidi olardıq.

- Təxribatların davam edəcəyi təqdirdə Azərbaycanın adekvat cavab olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə antiterror əməliyyatına başlaması mümkündürmü?

- Bu barədə konkret söz demək çətindir. Çünki bu, hərbi rəhbərliyin verəcəyi qərardır. Hər halda hərbi rəhbərliyin informasiyası daha çoxdur. Ordumuz şəraitə bizdən daha çox bələddir. Lakin bütün hallarda deyə bilərəm ki, ordumuz istənilən an düşmənə cavab verməyə qadirdir. Kəlbəcər istiqamətindəki hadisələr də bunu göstərdi.

Son xəbərlər

Orphus sistemi