Tbilisidə Azərbaycan Ordusuna dəstək aksiyası başa çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, iştirakçılar Azərbaycanın dövlət himnini ifa ediblər.
Aksiyada çıxış edən gənclər bildiriblər ki, Ermənistanın Azərbaycana qarşı son hərəkətləri bütün Türk dünyasına qarşı yönəlib.
Natiqlərin sözlərinə görə, Gürcüstanda yaşayan bütün azərbaycanlılar Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda ön cəbhədə döyüşməyə hazırdırlar.
Mitinqdə "Qarabağ Azərbaycandır!", "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarları səsləndirilib.
*** 12:40
Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binası önündə Ordumuza dəstək aksiyası davam edir.
“Report”un yerli bürosu xəbər verir ki, şəhid olan azərbaycanlı əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) rəhbəri Aygül İsayeva çıxış edərək Gürcüstan azərbaycanlılarının hər zaman Azərbaycanın yanında olduğunu bildirib: "Qarabağ Azərbaycandır və Gürcüstan Azərbaycanın haqq işini dəstəkləyir".
Səfir Dursun Həsənov aksiya iştirakçıları qarşısında çıxış edərək dəstəyə görə onlara minnətdarlığını bildirib. Onun sözlərinə görə, Ermənistanın hərbi təxribatlarına Azərbaycan Ordusu Prezident İlham Əliyevin tapşırığı əsasında layiqli cavab verib.
D.Həsənov Gürcüstan hökumətinin hər zaman Azərbaycanı dəstəklədiyini bildirib: "Gürcüstan və Azərbaycan həmişə bir-birinə dayaq və dəstək olub. Gürcüstan azərbaycanlıları hər zaman yüksək vətənpərvərlik hissi ilə seçiliblər. Əminəm ki, soydaşlarımız arasında Azərbaycan Ordusu sıralarında xidmət etmək istəyənlər çoxdur".
*** 12:00
Tbilisidə Azərbaycanın Silahlı Qüvvələrinə dəstək aksiyası keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında təşkil olunan aksiyada yerli azərbaycanlılar və Azərbaycan vətəndaşları iştirak edirlər.
Dəstək mitinqinə Marneuli, Qardabani və Bolnisi rayonlarında yaşayan soydaşlarımız, Gürcüstan ictimaiyyətinin nümayəndələri, tanınmış gürcü tarixçi və ekspertləri də qoşulublar.
Hərbi vətənpərvərlik mövzusunda mahnıların səsləndirildiyi aksiyada Ermənistanın Azərbaycana qarşı Tovuz rayonu istiqamətində son günlər həyata keçirdiyi hücum cəhdləri və hərbi təxribatları pislənilir. İştirakçılar Azərbaycan dövlətinə, Ordusuna və əsgərinə dəstək şüarları səsləndirirlər.